Xəzər Xəbər

Şirvanda bu yaşayış məntəqəsinin sakinləri yaşadıqları ərazidən köçmək istəyirlər - Səbəb nədir? VİDEO

"Bu problemə görə hər kəs evini satıb köçmək istəyir"
Veb TV | 21:00 • 3 May 2022
Şirvanda bu yaşayış məntəqəsinin sakinləri yaşadıqları ərazidən köçmək istəyirlər - Səbəb nədir?

Şirvan şəhərinin ''Köhnə Şəhər'' adlanan ərazisində kanalizasiya suları məhəllədən axaraq həyətlərə dolur.

Xezerxeber.az-ın məlumatına görə, Həzi Aslanov, Səməd bəy Mehmandarov və digər yaxın küçələrdə təxminən 300-dən çox fərdi ev var.

Sakinlərin sözlərinə görə, indiyədək ərazidə kanalizasiya şəbəkəsi qurulmadığından çirkab sular arxlar vasitəsilə axıdılır. Arxların da qarşısını qamışlıq sahəsi kəsdiyinə görə belə mənzərə yaranıb. Onlar yay aylarında vəziyyətin daha acınacaqlı olduğunu deyirlər. Əlavə edirlər ki, çirkab sular axaraq həm də Kür çayına tökülür.

Sakinlər deyirlər ki, bu problemə görə hər kəs evini satıb köçmək istəyir.

Məsələyə münasibət bildirən "Azərsu" ASC-nin Şirvan Sukanal İdarəsinin rəisi Fərhad Hüseynovun sözlərinə görə, kanalizasiya axınları vaxtilə əhalinin öz hesabına qazılmış xətlərin çıxışlarıdır ki, bu da birbaşa şəbəkəyə axmır.

"Çalışırıq ki, tutulmaların qarşısını vaxtında alaq. Vətəndaşlar özləri açıq arxlara xətt çəkiblər. Sonra da qanunsuz hasarlar çəkilib. Qeyri-qanuni çəpərləmələrdən sonra kanalizasiyanın axıntı sistemini təmizləmək olmur. Cari ildə isə dövlət proqramı çərçivəsində bu işlər tənzimlənəcək. Hazırda Şirvanda çoxmərtəbəli binaların kanalizasiya xətlərinin yenidən qurulması davam edir",- deyə Fərhad Hüseynov vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar