Kürdəxanıda yeni məktəb binasının inşa olunması ilə bu qəsəbədə şagird sıxlığı tam aradan qalxıb.
Xezerxeber.az-ın məlumatına görə, 15 min 120 nəfər əhalisi olan Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində dünənə qədər cəmi 1 məktəb var idi. Ancaq artıq bu qəsəbədə böyüyən uşaqlar heç bir sıxlıq, çətinlik yaşamadan ikinci bir məktəbdə də təhsil ala biləcəklər. Söhbət dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdiyi 304 saylı yeni məktəbdən gedir.
Məktəbin inşası zamanı şagirdlərin sağlam mühitdə təhsil almaları üçün zəruri olan bütün məqamlar nəzərə alınıb.
Məktəbin interyeri də şagirdlərin daha yaxşı təhsil alması üçün stimullaşdırıcı məqamlar nəzərə alınmaqla inşa edilib. Təbiət elmləri ilə bağlı kabinetlərdəki əyani vəsaitlər şagirdlərə elmi bilikləri ən müasir tələblərə uyğun şəkildə aşılamağa hesablanıb.
Şagirdlərin vətənpərvərlik ruhunda böyüməsi və ilkin hərbi biliklərə yiyələnməsi üçün hərbi ləvazimatların hamısı şagirdlərin ixtiyarında olacaq.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı bildirir ki, belə bir dönəmdə yeni məktəb binalarının inşası dövlətin təhsilə verdiyi xüsusi dəyərin göstəricisidir.
Qeyd edək ki, bu məktəb Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uğurla icra olunan layihələrindən biri - "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramı çərçivəsində inşa edilib. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.
Son dörd il yarımda Sabunçu rayonu üzrə yeni inşa edilən, əsaslı təmir olunan və əlavə korpuslar tikilən məktəblərin sayı 13-dür. Kürdəxanı qəsəbəsindəki 304 saylı tam orta məktəb isə sayca 14-cüdür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: