Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümünə həsr olunan tədbirdəki çıxışı erməni revanşistlərin addımlarının nə ilə nəticələnəcəyini tam şəkildə ortaya qoydu.
Xüsusilə də dövlət başçısının bu gün Azərbaycan Ordusunun müharibə dönəmindəkindən daha güclü olması ilə bağlı fikri təsadüfi seçilməmişdi. Çünki Azərbaycan Ordusu qalib olmasına baxmayaraq, son iki il ərzində müharibə zamanı orduda mövcud olan müəyyən çatışmazlıqların aradan qaldırılması üçün çox ciddi işlər görüldü. Bunlardan birincisi peşəkarlığın artırılması üçün Azərbaycan hərbçilərinin Türkiyədə, eləcə də digər ölkələrdə çoxsaylı təkmilləşdirmə kurslarına cəlb edilməsi oldu.
Bununla bağlı "Xəzər Xəbər"ə danışan ehtiyatda olan polkovnik, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov bildirir ki, keçirilən təkmilləşdirmə kursları çox spesifik yanaşma əsasında həyata keçirilir.
Ordunun inkişafında ikinci önəmli məsələ dövlət başçısının da vurğuladığı kimi Xüsusi Təyinatlı Qüvvələrin sayının ikiqat artırılması, eləcə də döyüş bacarığı adi bölmələrdən yuxarı olan komando birliklərinin yaradılmasıdır.
Azərbaycan Ordusunun son iki ildəki inkişafında ən önəmli məsələlərdən biri isə yeni alınan və tam olaraq hələ ki, açıqlanmayan ən müasir, innovativ silahlar, texnikalardır. Həmin texnikaların alınması həm maliyyə, həm də siyasi baxımdan Ermənistan üçün heç xəyal belə hesab edilə bilməz. Çünki Vətən müharibəsində müasir silahlarla bağlı iki ordu arasındakı fərqi bütün dünya gördü. Ekspertlər düşünürlər ki, bütün bu amilləri nəzərə alanda Ermənistandakı revanşist qüvvələrin cəhdləri suda boğulanın saman çöpünə əl atmasından o yana keçmir. Ya Ermənistanın hazırkı rəhbərliyi sülh müqaviləsi imzalayıb Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, ya da revanşist qüvvələr baş qaldırarsa Ermənistanın dövlət kimi varlığı şübhə altına düşəcək. Hər iki ehtimalda nəticə Azərbaycanın xeyrinədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: