Azərbaycanda yaşayan xristian dini icma üzvləri pasxa bayramı münasibətilə Xocavənd rayonunda olan xristian dini abidələrini ziyarət ediblər. Onlar 30 ilə yaxın davam edən işğaldan sonra azad edilmiş torpaqlarımızda müqəddəs bayramlarını qeyd edə bildikləri üçün Allaha dualar edib, xalqımıza əmin-amanlıq arzulayıblar.
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və xristian icmalarının təşəbbüsü ilə baş tutan ziyarətdə müxtəlif icmaların üzvləri xalqımız və ölkəmiz üçün dualar oxuyublar. Ziyarətçilər Azərbaycanda kök salmış müxtəlif xalqların həmrəyliyinin və tolerantlığın bundan sonra da davam edəcəyindən əminliklərini ifadə ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, səfərin əsas məqsədi ölkəmizin mənəvi sərvəti olan dini müxtəliflik və tolerantlıq ənənələrinin təbliğ və təşviq edilməsidir.
Qeyd edək ki, pasxa bayramı münasibətilə xristian dini icma üzvləri üçün təşkil edilmiş ziyarətdə bəzi müsəlman icmaları da iştirak ediblər.