Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin bəzilərinin avtomobil idarə edərkən hərəkətləri və müştəri ilə davranışları haqlı olaraq narazılıqla qarşılanır. Ekspertlər bildirirlər ki, sovet vaxtı xüsusi kursdan keçə bilməyən sürücülər, yəni davranışı, psixoloji vəziyyəti normal olmayanlar taksi sürücüsü kimi fəaliyyət göstərə bilməzdi. Bəs indi taksi sürücülərindən niyə sağlamlıq arayışı tələb edilmir?
Xezerxeber.az-ın məlumatına görə, sifariş edilən ünvanlara gec gəldikləri və ya avtomobildə yüksək səslə musiqi dinlədikləri üçün müştəri ilə taksi sürücüləri arasında bir çox hallarda mübahisə düşür. Həmişə də hər iki tərəfin özünəməxsus səbəbləri olur. Məsələn, sərnişinlər taksi sürücülərinin avtomobildə davranışlarından narazılıq edirlər. Səbəb kimi şirkətlərin həmin sürücüləri işə götürərkən ciddi araşdırma aparmamalarını əsas gətirirlər.
Şəhər sakinləri deyirlər ki, mümkün qədər taksidə olarkan sürücü ilə ünsiyyət qurmamağa çalışırlar. Bəziləri hətta sürücünün yüksək tonla mobil telefonla danışmasına da irad tutur. Amma sürücülər onlar barəsində səslənən fikirlərlə razılaşmırlar.
Qeyd edək ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülər şirkətlərə onlayn müraciət edirlər. Sadəcə avtomobil haqqında məlumat vermək kifayət edir ki, şirkətlər həmin şəxsi şifahi sövdələşmə ilə işə qəbul etsinlər. Onların müştəri ilə davranışı və ya psixoloji vəziyyəti isə yoxlanılmır. Belə olduqda bəzi sürücülər müştəri ilə normal rəftar etmirlər və bu da haqlı narazılığa səbəb olur.
Bir neçə taksi şirkəti ilə əlaqə saxlayıb sürücülərin sağlamlığını yoxlamadan işə qəbul etmələrinin səbəbini soruşmaq istədik. Amma onlar bu məsələ barədə danışmaq istəmədiklərini bildirdilər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, sovet vaxtı taksi fəaliyyəti ilə məşğul olmaq üçün onlar hazırlıq kurslarından keçirdilər. Tələblərə cavab verə bilməyənlər sərnişindaşıma ilə məşğul ola bilməzdilər. Bu qayda indi də mövcuddur. Amma görünən odur ki, sözügedən qayda sadəcə kağız üzərindədir.
İstənilən şəxs Bakıda fəaliyyət göstərmək istəyirsə, Bakı Nəqliyyat Agentliyinə, digər şəhər və rayonlarda işləmək istəyənlər isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət edir və dövlət rüsumunu ödəməklə fərqlənmə nişanı alaraq taksi fəaliyyəti göstərir.
Ekspert deyir ki, bu, qanunvericilikdə ciddi boşluqdur. Təklif edilir ki, nəqliyyat qanunvericiliyində taksi sürücüsü olmaq üçün tələb edilən sənədlərin siyahısı vergi qanunvericiliyinə də əlavə olunsun. Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, onlar mövcud qanunvericilik əsasında fərqlənmə nişanı verirlər. Mövcud qanunvericiliyə görə sürücüdən xüsusi sənəd tələb olunmur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: