Koronavirus infeksiyasına qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra qanda bu virusa qarşı qoruyuculuq azalır. Yenidən bu virusa qarşı anticismləri yüksək tutmaq üçün isə mütləq 3-cü, yəni buster dozada vaksin vurdurmaq lazımdır.
Bunu ''Xəzər Xəbər'' ə müsahibəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
Onun sözlərinə görə, buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar üçün məqsədəuyğundur və əhəmiyyəti daha çoxdur.
Vasif Əliyev bildirib ki, buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər: "Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bununla yanaşı, bu anticismlər koronavirusun ştamlarına qarşı güclüdür".
Qeyd edək ki, dünya ölkələrində də artıq buster dozanın vurulmasına başlanılıb. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən tədqiqatlar nəticəsində buster dozanın effektivliyi sübut olunub.
Aparılmış tədqiqatlara görə, buster doza almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: