Vətən müharibəsindən böyük şücaət nümayiş etdirən hərbçilərimizdən biri də Orxan İsmayılov olub.
Xezerxeber.az-ın məlumatına görə, Orxan İsmayılov ailəsindən xəbərsiz könüllü olaraq müharibəyə yollanıb.
O, 1990-cı il yanvarın 23-də Ucar rayonunda anadan olub. Orta təhsilini Bakıdakı 59 saylı məktəbdə alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Birinci dəfə Vətənə xidməti başa vuran Orxan 2020-ci ilin iyulunda Tovuz hadisələrindən sonra həmin ilin sentyabrın 21-də könüllü şəkildə orduya yazılıb. Sentyabrın 27-dən etibarən ön sıralarda döyüşməyə başlayıb. Lakin o, ailəsinə nigaran qalmasınlar deyə topçu kimi arxa cəbhədə olduğunu deyib.
Orxan ailəsi ilə axırıncı dəfə oktyabrın 1-də danışıb. Elə həmin gün də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Övladını bağrına basa bilmədiyinə görə təəssüflənən Həcər İsmayılova şəhid anası olduğu üçün də qürurludur.
Orxan Füzuli və Cəbrayılda gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşları onun göstərdiyi qəhrəmanlıqlar haqqında ağızdolusu danışırlar.
Orxan İsmayılovun nəşi oktyabrın 4-də ailəsinə təhvil verilib və həmin gün də Ucar rayonunun Məlikballı kənd qəbiristanlığında dəfn edilib. Qəhrəmanımız göstərdiyi şücaətə görə "Vətən ugrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: