Vətən müharibəsinin 11-ci günündə rəşadətli ordumuzun uğurlu həmlələri ilə bağlı xoş xəbərlər gəlirdi.
Xezerxeber.az-ın məlumatına görə, Müdafiə Nazirliyi gecə boyu cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlərin davam etdiyini bəyan etdi. Nazirlik daha sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Şükürbəyli və Şəybəy kəndlərinin görüntülərini yaydı.
Döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirilir, canlı qüvvə və texnikası sıradan çıxarılırdı. Müdafiə Nazirliyi həmin gün Ermənistan ordusunun məhv edilmiş texnikalarının siyahısını açıqladı. Məlumata görə, sentyabrın 27-dən oktyabrın 7-dək düşmənin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası və 1 ədəd "S-300" zenit-raket kompleksi məhv edilmişdi.
Müdafiə Nazirliyi Ermənistan hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları texnikaların da görüntülərini yaydı. Şanlı ordumuz qarşısında aciz duruma düşən erməni hərbçilər çıxış yolunu döyüş mövqələrini tərk edərək qaçmaqda görürdülər. Həmin gün düşmən ordusunun 1-ci və 7-ci alayının müdafiə xətlərində yerləşən bölmələrinin bir qrup əsgəri fərarilik etdi.
Vətən müharibəsinin 11-ci günündə Prezident İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirildi.
Dövlət başçısı oktyabrın 7-də "CNN -Türk" və ''Euronews'' kanallarına müsahibə verdi. Dövlət başçısı pilotuz uşuş aparatlarının ordumuzun arsenalına daxil edilməsinin əhəmiyyətini vurğuladı.
''Euronews''a müsahibəsində isə dövlət başçısı Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutmasının, dinc sakinləri hədəfə almasının yolverilməz olduğunu bəyan etdi. Beynəlxalq təşkilatların bu faktlara biganə qalmasını kəskin tənqid etdi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: