Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahianın görüşü baş tutub. Görüş bir sıra maraqlı məqmlarla yadda qalıb. Sergey Lavrov Rusiyanı regionda hərbi fəallığın artmasının əleyhinə olduğunu bildirib. Təxribatçı hərbi təlimlərə Rusiya da qarşıdır. İran isə növbəti dəfə əsassız ittihamlarına sübut tapmayıb.
Xəzərin hüquqi-statusu ilə bağlı konvensiya xəzər dənizində xarici dövlətlərin hərbi qüvvələrinin mövcudluğunu qadağan edir. İranlı həmkarı ilə bugünkü görüşdə konvensiyanın tezliklə qüvvəyə minməsinin vacibliyinin qeyd olunduğunu deyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov əlavə edib ki, konvensiyanın qüvvəyə minməsi üçün İranın sənədi ratifikasiya etməsi lazımdır.
Əslində Azərbaycana qarşı əsassız və sübutsuz ittihamlar səsləndirən İran üçün bu ilk cavab deyildi. Bölgədə reallıq hər bir dövlət üçün dəyişib. Elə Prezident İlham Əliyevin ötən gün Cəbrayıla səfəri zamanı səsləndirdiyi fikirlər əsassız iddialara bir cavab idi.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian görüşdən əvvəl bölgədəki ölkələrin sərhədlərində ehtimal olunan dəyişikliklərə Rusiyanın reaksiya və həssaslıq göstərməsini gözlədiyini bildirmişdi. Ziyarətlə iki ölkə arasındakı əlaqələrdə sıçrayışın da olacağıni qeyd edirdi. Görünən isə odur ki, İran artıq son günlərdə neçənci dəfədir ki, gülünc vəziyyətə düşür.