Ölkəmizin ərazilərini azad etməsindən sonra bölgədə haqlı olaraq yaranmış yeni reallıqları Azərbaycanın ən uzun sərhəddə qonşusu olan İran İslam Respublikası qəbul edə bilmir. Məhz Azərbaycanın parlaq tarixi qələbəsindən sonra İran regionda guya terrorçuları və İsrail izləri axtarmağa başlayıb. Ancaq ortaya fakt qoya bilmir.
İran post müharibə dövründə Ermənistanı artıq daha açıq şəkildə dəstəkləyir. Azərbaycanın 30 ilə yaxın işğalda qalmış torpaqlarında müsəlmanlar üçün müqəddəs hesab olunan bütün məkanları dağıdan və ya təhqir edən bir ölkə ilə İslam Respublikasının qardaşlaşması ilk növbədə İranın öz konstıtusıyasına zıddır. Çünkı bu ölkənin konstitusiyasının 152-ci maddəsinə görə, bütün müsəlmanların hüquqlarının qorunması İran xarici siyasətinin əsas prinsiplərindəndir. Araşdırmaçı jurnalist Elçin Alıoğlu bu fikirdədir. O deyir ki, Qarabağa qanunsuz yük daşımaq arzusunda olan İran Ermənistanla qardaşlaşdıqca paralel olaraq Azərbaycanla münasibətlərinə xələl gətirməyə başlayıb.
Hələ Birinci Qarabağ müharibəsində atəşkəs imzalandıqdan və "Əsrin müqaviləsi" bağlandıqdan sonra Azərbaycanın Qərblə əməkdaşlığına əngəl törətmək niyyətində olan qonşumuz indi də ölkəmizdə İsrail izləri axtarmaq sevdasına düşüb. Ancaq ortaya atdığı iddialarla bağlı heç bir fakt ortaya qoya bilmir. Ermənistanla hərtərəfli siyasi-iqtisadi əlaqələrini genişləndirmək və işğalçı rejimin ayaqda qalmasına yardımçı olmaq xəttini tutmuş, bir növ münaqişədən Azərbaycana təzyiq vasitəsi kimi faydalanmış İranı təzyiq rıçaqının əldən çıxması və regionda güclənən Türkiyə-Rusiya-Azərbaycan əməkdaşlığı narahat edir.
İranı son vaxtlar narahat edən əsas məsələlərdən biri də Cənubi Qafqazda mövqelərinin zəifləməsidir.
Bu gün rəsmi Tehran Birinci Qarabağ müharibəsi dövründə Azərbaycana göstərdiyi yardımları əlində bayraq edərək, ölkəmizi qədirbilməzlikdə ittiham etməyə çalışır. Ancaq biz bilirik ki, bu yardımlar cənubi azərbaycanlıların hədsiz fəallığı və həssaslığı nəticəsində, həmçinin Tehranın ölkəyə qaçqın axınının qarşısını ala bilməsi üçün olunub. Yəni İran Azərbaycanın münaqişədə düşdüyü vəziyyətdən sui-istifadə edib. Bunu sonradan həmin dövrdə Şərqi Azərbaycanın valisi olmuş Əbdüləlizadə də etiraf edib.