Xəzər Xəbər

Vətən Müharibəsinin 10-cu günü: 6 oktyabrda nələr baş verdi? VİDEO

Veb TV | 20:12 • 6 Oktyabr 2021
Vətən Müharibəsinin 10-cu günü: 6 oktyabrda nələr baş verdi?

Ötən ilin bu günü Azərbaycanı zəfərə aparan vətən müharibəsinin 10-cu günü idi. Həmin gün rəşadətli ordumuz Cəbrayılın daha bir neçə kəndini işğaldan azad  etdi, düşmənin xeyli sayda silah-sursat və texnikası məhv edildi, bir qismi isə hərbi qənimət kimi ələ keçirildi. İnformasiya cəbhəsində də önəmli addımlar atıldı. 

44 günlük vətən müharibəsində Zəfərə gedən yolun 10-cu günündəyik.

Ötən ilin bu günü Müdafiə Nazirliyinin yaydığı sevindirici məlumatlarla başladı. Qeyd edildi ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatı zamanı müxtəlif istiqamətlərdə düşmənin zirehli texnikaları, atəş dəstək və təminat vasitələrini darmadağın edib.

Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 tankı, o cümlədən 41-ci və 62-ci artilleriya alaylarının 4 ədəd BM-21 Qrad yaylım atəşli reaktiv sistemi sıradan çıxarıldı. Düşmənin 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri zərərsizləşdirildi.
Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Eləcə də, Cəbrayılda düşmənin xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası qənimət götürüldü. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəklik azad olundu

Həmin saatlarda Ermənistan silahlı qüvvələri regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Azərbaycan Ordusunun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alındı.

Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Görüşdə dövlət başçısı vurğuladı ki, türkiyəli həmkarı Rəcəb Tayyib ərdoğanın çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsində önəmli rol oynayır.

Dövlət başçısı ötən ilin bu günü Rusiyanın "Pervıy Kanal" televiziyasına müsahibə verdi. O, müsahibəsində müharibənin başlanmasının səbəbkarının Ermənistan olduğunu faktlarla Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezidentin bu müsahibəsi ilə düşmənin yaymağa çalışdığı bir sıra dezinformasiyaların qarşısı ən yüksək səviyyədə alınmış oldu. 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirildi. Müşavirədə əks-hücum əməliyyatında mövcud vəziyyət təhlil olundu, qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə dair göstəriş verildi.

Xəbər lenti

Çox oxunanlar