Artıq Azərbaycan Hava Yolları aviaşirkəti Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan hava məkanından istifadə edəcək. Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına, həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq. Bununla da Azərbaycanın İran hava məkanından istifadəsinə ehtiyac qalmayacaq.
Bu gündən etibarən Azərbaycan Hava Yolları aviaşirkəti Ermənistan hava məkanından istifadə etməyə başlayıb. Belə ki, AZAL aviaşirkəti Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərindən keçəcək.
Azərbaycan Hava Yolları aviaşirkətinin nümayəndəsi Nərmin Xəlilovanın sözlərinə görə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər.
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, yeni hava məkanından istifadə edilməsi məsafə, zaman və yanacaq baxımından sərfiyyatı azaldacaq. Bu da uzun müddətli dövrdə ölkə iqtisadiyyatına ciddi vədlər verir. Rəşad Həsənov onu da əlavə edib ki, bu, eyni zamanda regional kommunikasiyanın açılmasının növbəti nümunəsidir.
Rəşad Həsənov bildirib ki, yeni hava məkanından istifadə etmək məsafəni azaltsa da hələ ki, biletlərin qiymətinin düşməsinə təsir etməyəcək. Bu ilkin olaraq dövlət tərəfindən ayrılan subsidiyaların azalmasına şərait yaradacaq.
Rəşad Həsənov onu da əlavə edib ki, bununla da Ermənistan mülki təyyarələri də Azərbaycan hava məkanından keçən dəhlizlərdən itifadə edə bilərlər. Həm Azərbaycan, həm də Ermənistanın belə bir öhdəliyi var. Nəticədə Azərbaycanın İran hava məkanından istifadəsinə ehtiyac qalmır.