Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir. Təlimin senarisinə əsasən bölmələr praktiki fəaliyyətləri yerinə yetirirlər.
Xezerxeber.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələrin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq üçün komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunlar fasiləsiz idarə olunur, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun fəaliyyət göstərirlər.
Komandirlər tərəfindən ərazi qiymətləndirilir, düşmən mövqelərinə gizli yaxınlaşma istiqamətləri seçilir, hərəkət marşrutları öyrənilir, şəxsi heyətin fəaliyyəti müxtəlif üsullarla məşq etdirilir.
Xüsusi həmlə qrupları tərəfindən düşmən mövqelərinə yaxınlaşma, düşmənin optik cihazlarından və sərrast atəşindən yayınma fəaliyyətləri icra edilir.
Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotaj manevrlərlə təlim-məşq uçuşları keçirilir.