Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib ki, Azərbaycanın döyüş meydanındakı qələbəsi regionda bəzi qüvvələri ciddi narahat etməyə başlayıb.
Xezerxeber.az-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, artıq heç nə öncəki kimi olmayacaq və Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs gerçəkləşə bilməz.
Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyəti ilə görüşündə bildirib ki, Azərbaycan nə qədər xoş niyyətli bir ölkə olsa da, heç kimin əsassız iddialarını qəbul etməyəcək. Dövlət başçısı iddia ortaya atanların sübutları da təqdim etməli olduğunu vurğulayıb.
Dövlət başçısı 30 il işğal dönəmində Azərbaycan təcavüzə məruz qalan İran sərhədi bölgəsində nələrin yaşandığının araşdırıldığını da vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfində münasibətlərin normallaşması üçün siyasi iradə var. Dövlət başçısı bildirib ki, Ermənistan tərəfində də bu olarsa, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh yaranar.
Prezidentin sözlərinə görə, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur qurulacaq ki, bütün dünya Azərbaycana qibtə edəcək. Dövlət başçısı bildirib ki, illərdir əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: