Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.
Xezerxeber.az-ın məlumatına görə, 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları qarşısında aciz qalan Ermənistan getdikdə daha da azğınlaşır. Dinc əhali, mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutan düşmən strateji obyektləri də hədəf seçirdi. 5 oktyabr axşam saatlarında Ermənistan ərazisindən Mingəçevir şəhərinə 3 raket atılır. Raketlərdən 2-si partlamasa da onlardan biri şəhərdəki istilik elektrik stansiyasının qarşısına düşür.
Müharibənin 9-cu günündə də qarşı tərəf beynəlxalq konvensiyalara zidd olaraq kasetli bombalardan istifadə edirdi. Kasetli bombaların əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar partlamasa da, kimyəvi zəhərlənməyə səbəb ola bilər. Ermənistan kasetli bombalardan bilərəkdən istifadə edirdi ki, insanlar kimyəvi zəhərlənməyə məruz qalsınlar.
Ardıcıl ikinci dəfə raket atəşinə məruz qalan Gəncə sakinləri bildirir ki, həmin günlərdə atılan hec bir mərmi, raket onları qorxutmurdu. Çünki onlar yaxşı başa düşürdü ki, ordumuz irəli gedir, bunu isə düşmən qəbul edə bilmirdi.
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhəri də raket atəşinə tutuldu. Nəticədə 1 nəfər həyatını itirdi, 3 nəfər isə yaralandı. Daha sonra yaralılardan biri, 45 yaşlı Cavid Əli oğlu Rüstəmov da həyatını itirdi. Mərhumun həyat yoldaşı Rüxsarə Ağayeva həmin günlərdən danışıb...
Azərbaycan Silahlı Qüvvələri isə baş verənlərin qisasını cəbhədə alırdı. Uğurlu əks-hücum əməliyyatları qarşısında aciz qalan düşmən döyüş meydanında hərbi texnikalarını qoyaraq qaçırdı. Həmin gün Cəbrayıl istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bir çox texnikası qənimət kimi götürüldü.
Azərbaycan Müdafiə Nazirliyi qürurla işğaldan azad olunmuş Talış kəndinin görüntülərini yaydı.
Oktyabrın 5-ci cəbhədən sevincli xəbərlər ard-arda gəlməkdə davam edirdi. Əvvəlcə Prezident İlham Əliyev tviter hesabından işğaldan azad olunan daha bir neçə kəndin adını açıqladı. Bunlar Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəklik idi.
Ardından dövlət başçısı Türkiyənin "TRT Haber" televiziya kanalına müsahibəsi zamanı "bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna yaxınlaşırıq" deməklə Azərbaycan xalqına qələbənin yaxında olduğunun ismarışını verdi.
Beləliklə, Azərbaycan xalqı Ali Baş Komandanın uzaqgörən siyasətinə arxalanaraq müharibənin 9-cu gününü geridə qoydu. Qısa müddət sonra Azərbaycan əsgəri digər əraziləri də düşməndən təmizləyəcək üçrəngli bayrağı doğma torpaqlarda yenidən dalğalandırdı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: