Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 11 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 13 nəfər, o cümlədən avtoqəzalar zamanı deformasiyaya uğrayan avtonəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış 3 nəfər xilas edilib. Həmçinin, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində aşkar edilən 1991-ci il təvəllüdlü Musayev Mehdi Nazim oğlunun meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.