Ötən ilin bu günü 44 günlük vətən müharibəsinin 8-ci günü idi. Həmin gün Cəbrayıl şəhəri işğaldan azad edildi. Rayonun bir neçə kəndi də rəşdatli ordumuzun qəhrəmanlığı sayəsində düşmən tapdağından qurtuldu. Silahlı qüvvələrimiz döyüş meydanında düşməni diz çökdürürdü. Azğınlaşan Ermənistan isə dinc sakinləri hədəf seçmişdi. 2020-ci il oktyabrın 4-də Gəncə şəhəri müharibənin gedişində ilk dəfə raket atəşinə məruz qaldı. 1 mülki şəxs həlak oldu, 6-sı uşaq olmaqla 32 nəfər isə yaralandı.
Həyəcan, milli ruh, qələbə xəbərləri və düşmənin müharibə cinayətləri…
Bir il əvvəl bu gün vətən müharibəsinin 8-ci gününə şahidlik edirdik. Ordumuz şücaətlərini sıralamaqda, Ali baş komandan isə qələbə müjdələrini xalqa çatdırmaqda davam edirdi.
Elə həmin gün Prezident İlham Əliyev tvitter səhifəsində Cəbrayıl şəhərinin işğaldan azad edildiyini elan etdi. Bundan başqa rayonun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri də azad edildi.
Oktyabrın 4-də Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası hərbi qənimət kimi ələ keçirildi. Milli Qəhrəman Mübariz İbrahimovun təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağı sancıldı.
Vətən müharibəsinin 8-ci günündə də Ermənistan müharibə cinayətlərindən əl çəkmədi. Rəşadətli ordumuz döyüş meydanında düşmənə qan uddurduqca ermənilər bunun heyfini dinc sakinlərdən çıxmaqda qərarlı idi. Mingəçəvir şəhəri, həmçinin cəbhəboyu Ağdam, Bərdə, Tərtər və Goranboy rayonları düşmən tərəfindən raket hücumlarına məruz qaldı. Bu gün həm də Ermənistanın Gəncədə törətdiyi ilk terrordan 1 il ötür. Ermənistan Silahlı qüvvələrinin ölkəmizin ikinci ən böyük şəhərini raket atəşinə tutması nəticəsində 1 mülki şəxs həlak oldu, 32 nəfər yaralandı. Xəsarət alanlardan 6-sı uşaq idi. Düşmən tərəfindən açılan atəş nəticəsində dinc mülki infrastruktura və qədim tarixi tikililərə ciddi ziyan dəydi.
Ağcabədi rayonu da gecə-gündüz atəşə altında idi. Mənfur düşmənin rayondakı yaşayış məntəqələrini atəşə tutması nəticəsində Taynaq kəndində 1 mülki vətəndaş həlak oldu.