''Mən burada dayanmışam. Sənin "Madagiz" adlandırdığın Suqovuşanda dayanmışam. Serjik, kişiliyin varsa, gəl bura''. Bu fikirləri prezident İlham Əliyev dünən Tərtər rayonuna səfəri çərçivəsində Suqovuşan qəsəbəsində üçrəngli bayrağımızın ucaldılması mərasimində çıxış edərkən səsləndirib. Dövlət başçısı Ermənistanın cinayətkar hərbi-siyasi xuntasının sabiq rəhbəri Serj Sarkisyanla bağlı fikirlərini bölüşüb və qeyd edib ki, silahlı qüvvələrimiz məhz onun yaratdığı ordunu darmadığın edib. Prezident Ermənistandakı revanşist qüvvələrə sərt ismarıc göndərib.
Prezident İlham Əliyev dünən Tərtər rayonuna səfər edib. Dövlət başçısı Tərtər şəhərinin mərkəzində ulu öndər Heydər əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident rayonun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.
Dövlət başçısı daha sonra Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.
Prezident İlham Əliyev rayonun Talış kəndində şanlı bayrağımızı ucaldıb.
Sonra müzəffər Ali Baş komandan Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi kilsəsində olub. Kənddəki rus-pravoslav kilsəsinə baş çəkən prezident İlham Əliyev bildirib ki, ermənilər tərəfindən dağıdılmış hər iki kilsə bərpa ediləcək.
Dövlət başçısı Suqovuşan qəsəbəsində də üçrəngli bayrağımızı ucaldıb.
Prezident çıxışında bu ərazilərin işğaldan azad edilməsinin tarixi önəminə toxunub.
Dövlət başçısı əlavə edib ki, qəsəbənin digər bir əhəmiyyəti burada Suqovuşan su anbarının yerləşməsi ilə bağlıdır. Onun sözlərinə görə Suqovuşanın azad edilməsi kənd təsərrüfatının inkişafına böyük bir nəfəs oldu.
Dövlət başçısı əli azərbaycanlıların qanına batmış Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın müharibə zamanı rəşadətli Azərbaycan ordusunun qarşısından qaçan fərarilərdən biri olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Serj Sarkisyanın keçmişdəki fəaliyyətinə nəzər salaraq onun həm tərəfdarlarına, həm də bütün Ermənistan xalqına dəfələrlə xəyanət etdiyini faktlarla əsaslandırıb.
Prezident İlham Əliyev qeyd edib ki, rəşadətli azərbaycan ordusu məhz Serj Sarkisyanın qurduğu ordunu diz çökdürdü...
Dövlət başçısı Suqovuşandakı çıxışında Ermənistandakı revanşist qüvvələrə ismarıc göndərib.
Prezident İlham Əliyev "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını da edib. Dövlət başçısı vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin "smerç" raketləri ilə hücumu nəticəsində tərtər şəhər sakini sahib ismayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub. Ali baş komandan Tərtər şəhərinin mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən rayona müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb.
Daha sonra Prezident Bərdə rayonuna gəlib. Dövlət başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev Bərdə peşə liseyinin açılışında da iştirak edib.