Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən tibb məntəqəsində işləyən şəxslərdən biri Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Qazax rayon sakini Saleh Hüseynov zərərçəkəndən 500 manat almaq istəyərkən saxlanılaraq Qobu Polis Bölməsinə gətirilib.
Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Saleh Hüseynovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.