Xəzər Xəbər

Vətən müharibəsinin 7-ci günü: 3 oktyabr bir sıra tarixi hadisələrlə yadda qaldı VİDEO

Veb TV | 21:15 • 3 Oktyabr 2021
Vətən müharibəsinin 7-ci günü: 3 oktyabr bir sıra tarixi hadisələrlə yadda qaldı

Düz bir il öncə bu gün Azərbaycan Ordusu günə Suqovuşan uğrunda ağır döyüşlərlə başladı. Gün ərzində Ermənistan ordusun ən elit bölmələrinin yerləşdirildiyi və keçilməz hesab etdiyi Suqovuşanda Azərbaycan əsgərinin nəfəsi gəlməyə başladı.

Düşmən birləşmələrinin böyük əksəriyyəti məhv edildi, qalanı isə geri çəkilməyə məcbur edildi. Nəticədə Suqovuşan Azərbaycan Ordusunun nəzarətinə keçdi və ərazinin mərkəzində Azərbaycan bayrağı ucaldıldı.

Suqovuşanın azad edilməsi xəbərini xalqa hər zaman olduğu kimi Müzəffər Ali Baş Komandan İlham Əliyev tviter səhifəsindən çatdırdı: "Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!". Dövlət başçısı növbəti paylaşımında Madagizin tarixi adını bərpa edərək onun Suqovuşan adlandırıldığını elan etdi.

Prezident İlham Əliyev rəşadətli ordumuzun Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərini azad etməsi barədə məlumat verdi.

Müdafiə Nazirliyinin günün sonunda yaydığı açıqlamada qeyd olunurdu ki, Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Müdafiə Nazirliyi müharibənin ilk həftəsi ərzində düşmənin ümumi itkilərinin sayını da açıqladı. Döyüşlərin ilk həftəsindən düşmənin 230-dək tank və digər zirehli texnikası, 250 ədəd artilleriyası, yaylım atəşli raket sistemləri, minaatan, 38 ədəd hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 7 silah-sursat anbarı, 130-dan çox avtomobil texnikası, 1 ədəd "S-300" zenit-raket kompleksi darmadağın edilərək sıradan çıxarılmışdı. Bir həftə ərzində düşmənə bu qədər ağır zərbələr endirmək Azərbaycan Ordusunun və xalqının qələbəyə inamımı daha da artırırdı.

Ancaq Azərbaycan təkcə şərq cəbhəsində deyil, cənub cəbhəsində də ciddi irəliləyişlər əldə etmişdi. Ordumuz müharibənin 7-ci günündə Cəbrayıl şəhərini işğaldan azad etməyin bir addımlığında idi. Xüsusi təyinatlı bölmələrimizin uğurlu əməliyyatları düşməni sürətlə geri çəkilməyə məcbur etmişdi.

Azərbaycan Ordusunun sürətli əks hücumunu dayandıra bilməyən Ermənistanın hərbi rəhbərliyi isə mülki əhalinin yaşadığı obyektləri hədəf almaqda davam edirdi.

Azərbaycanın Baş Prokurorluğu sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində 3-ü qadın, 2-si azyaşlı olmaqla 19 mülki şəxsin həlak olmasını, 63 dinc sakinin yaralanması haqqında məlumat yaydı. Vurğulandı ki, Ermənistan ordusunun dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən 12 cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar