Təhsil sahəsində yeni təklif ortaya atılıb. Üstəlik, bu təklif ölkənin təhsil nazirindən gəlib. Emin Əmrullayev deyib ki, məktəbə başlama yaşı 5-ə salınmalıdır. Təhsil ekspertləri də bu təkliflə bağlı öz fikirlərini bildiriblər.
"Zənnimcə, 6 yaş gecdir. Məktəb yaşının 5-ə qədər azaldılmasına çalışmalıyıq"... Təhsil naziri Emin Əmrullayev belə bir təkliflə çıxış edib. "Təhsildə yeni çağırışlar" II Beynəlxalq forumda çıxış edən nazir deyib ki, qarşımızda duran çağırışlardan biri məhz uşaqların məktəbə başlama yaşıdır. "Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar", - deyə təhsil naziri bildirib.
Nazir Emin Əmrullayevin ortaya atdığı bu təklifi təhsil ekspertləri də dəstəkləyirlər. Kamran Əsədov deyir ki, bu, birinci növbədə dünya təcrübəsinə əsaslanır.
Azərbaycanda şagirdlər ən tez 6 yaşında məktəbə qəbul edilsələr də, onların dərs yükü çoxdur və bu da uşaqlarda zehni yüklənməyə səbəb olur. Təhsil eksperti Kamran Əliyev düşünür ki, daha erkən yaşda başlanan təhsillə bu yüklənməni azaltmaq olar.
Təhsil ekspertinin sözlərinə görə, könüllü şəkildə qəbul edilən məktəbəqədər hazırlıq kursları məktəblərin 70 faizində təşkil edilir. Bu il birinci sinfə 165 min şagird qəbul edilibsə, məktəbəqədər hazırlıq kurslarında şagirdlərin sayı bundan 70 min nəfər az, yəni 95 min nəfər olub. Təhsil ekspertinin firkincə, məktəbə erkən başlamaq 12 illik təhsil sistemi ilə də nəticələnə bilər.