28 ildən sonra azadlığına qovuşan Ağdam indi inkişaf dövrünü yaşayır. Bütün keçmiş məcburi köçkünlərimiz kimi ağdamlılar da tezliklə ata-baba torpaqlarına qayıdacaqları günü səbrsizliklə gözləyirlər. Bu gün isə sizə gənclik dövründə ata evini, ata yurdunu tərk edən, bu gün isə ora 30 ilə yaxın bir müddətdən sonra qayıdan İqbal Həsənovdan bəhs edəcəyik
Körpəliyindən ayaq basdığı bu torpağın indi az qalır ki, hər qarışını qucaqlayıb, bağrına bassın.
İqbal Həsənov 1993-ci ildə ermənilərin işğalçılıq siyasəti nəticəsində ailəsi ilə birlikdə Ağdam rayonunun Papravənd kəndindən didərgin düşüb. Bərdə rayonunda müvəqqəti məskunlaşan İqbal Həsənov 28 il sonra doğma yurduna ayaq basıb. Onu doğma kəndində viran olmuş məhəllələr və dağılmış evlər qarşılayıb.
İqbal Həsənov öz yaşadığı evi də ziyarət edib. Lakin bir zamanlar yaşadığı ikimərtəbəli evin indi sadəcə quru divarları qalıb. Halbuki o, ailəsi ilə birlikdə muharibəyə qədər bu evdə xoşbəxt ömür yaşayıb.
Birinci Qarabağ müharibəsində ailə üzvləri ilə ata yurdunu tərk edən həmsöhbətim doğma yurdunu heç vaxt unutmadığını deyir. Az qala hər gün yuxularında gördüyü Ağdam bu gün azaddır.
Öz doğma kəndini qarış-qarış gəzən İqbal Həsənov daha sonra kənd məscidini və qəbiristanlığı ziyarət edib.
Qeyd edək ki, Papravənd kəndi Ağdam şəhərindən 21 kilometr şimalda, Ağdam-Ağdərə yolunun üstündə, dağətəyi düzənlikdə yerləşir. Vaxtilə rayonun ən abad yaşayış məntəqələrindən olan Papravənddə üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq inkişaf etmişdi. Burada heyvandarlıq kompleksi, məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi olub.