Xəzər Xəbər

Vətən Müharibəsinin 5-ci günü: 1 oktyabrda nələr baş verdi? VİDEO

Veb TV | 21:10 • 1 Oktyabr 2021
Vətən Müharibəsinin 5-ci günü: 1 oktyabrda nələr baş verdi?

Payız fəslinin soyuq nəfəsi xüsusən dağlıq bölgələrdə özünü göstərirdi. Ancaq Azərbaycan xalqının ruhunda 30 illik həsrətin istisi vardı. Əsgərimiz də xalqın sevgisinin, qayğısının istisinə tutunmuşdu. Odur ki, soyumaqda olan hava şəraiti belə ordumuzun iradəsinə təsir edə bilmirdi.

1 oktyabr. Vətən Müharibəsinin 5-ci günü. Saat 01:00-da Müdafiə Nazirliyi qarşı tərəfin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonlarının Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edildiyi xəbərini yaydı.

Ağır itkilərə məruz qalan düşmən müharibə qanunlarını kobud şəkildə pozmağa davam edərək səhər saatlarından etibarən Tərtər şəhərini yenidən artilleriya atəşinə tutmaqda davam etdi. Həmçinin saat 09:00-da Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərminin Tərtər şəhər avtovağzalına düşməsi nəticəsində 1 mülki şəxs həlak oldu, avtovağzal dağıldı. Bundan əlavə 30 sentyabr tarixində yaralanan 7 mülki şəxsdən 2-si həkimlərin səyinə baxmayaraq vəfat etdi.

Azərbaycan ordusu isə düşmənin bütün təxribatlarına baxmayaraq, döyüşü səngərdə davam etdirirdi. Elə 11:00-da yayılan Ermənistan ordusunun artilleriya qurğularının məhv edilməsinin videogörüntüləri də buna bariz sübut idi.

Düşmən ordusunun silahlı birləşmələri Gorus rayonu ərazisindən Azərbaycanın Cəbrayıl-Füzuli cəbhə xətti ərazisini raket zərbələri ilə atəşə tutdu.

Məğlubiyyətin acısını içinə sindirməyən düşmən günorta saatlarında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndlərini artilleriya atəşinə tutdu, mülki şəxslər arasında ölən və yaralananlar oldu.

Buna cavab olaraq Ordumuz tərəfindən işğal altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirildi.

Saat 16:35-də isə Azərbaycan Ordusunun bölmələrinin Ermənistan ordusunun hava hücumundan müdafiə vasitələrini və yaylım atəşli reaktiv sistemlərini məhv etdiyini göstərən video yayımlandı

Axşam saatlarında Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov keçirdiyi mətbuat konfransında ümumilikdə düşmənin 200 tank və digər zirehli texnikasının, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda idarəetmə və komanda müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası və 1 ədəd S-300 zenit-raket kompleksinin sıradan çıxarıldığını bildirdi.

Vətən Müharibəsi davam edirdi.

Düşməni isə qarşıda daha ağır 39 gün gözləyirdi.

Xəbər lenti

Çox oxunanlar