Azərbaycanda nikaha daxil olan insanlar arasında bəzi məqamlar olur ki, diqqət çəkir. Məsələn, 18 və ya daha az yaşı olan bir qız özündən 18, 20 yaş böyük kişi ilə ailə qurur. Və yaxud da əksinə, 60 yaş və daha yuxarı qadınlar da var ki, onlar 40-45 yaşlı bəylərlə izdivaca girirlər. Bu kimi ailələr necə qurulur? Bu, həmin insanların öz seçimləridir, yoxsa kənar amillər rol oynayır? Cəmiyyətdə belə nikahlara münasibət necədir?
60 yaşdan sonra ərə gedən qadınlar, cavan qızlarla ailə quran yaşlı kişilər…
Azərbaycanda qeydə alınan nikahların statistikasında maraqlı məqamlar var. Dövlət Statistika Komitəsindən verilən məlumata göərə, ötən il 18 yaşına qədər ailə quran 165 xanımdan 18 nəfəri 30-34 yaşlı kişiyə ərə gedib. 18-19 yaşında olan 4 xanım isə 40-44 yaşlı kişilərlə ailə qurublar. Hətta 25 yaşlı bir xanım 60 yaşlı kişiylə rəsmi nikaha girib. Yaşı 60-dan çox olan 3 qadın isə 40-44 yaşlı kişi ilə ailə qurub. 50-54 yaş aralığında olan 14 xanım da özündən 10 yaş kiçik bəylə izdivaca girib. 60 yaşını keçən bir qadın isə 30 yaşlı kişi ilə rəsmi nikah bağlayıb. Ümumiyyətlə isə ötən il yaşı 60-ı ötmüş 155 nəfər qadın rəsmi nikaha girib. Sosioloqların sözlərinə görə, bu cür ailələrin qurulmasına müxtəlif amillər səbəb olur. Burada ailə dəyərləri ilə yanaşı maddiyət, fərdi istəklər də mühüm rol oynayır.
Sosioloqlar deyir ki, bu cütlüklər gələcəkdə bir çox problemlərlə qarşılaşırlar və boşanmalar da ən çox belə ailələrdə qeydə alınır. Cəmiyyətdə də bu cür nikahlara münasibət birmənalı deyil.
Qeyd edək ki, son illər Azərbaycanda nikaha daxil olan kişilərin orta yaşı 27-28, qadınların isə 23-24-dür.