Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxt küçələrində hərbçilərin təntənəli yürüşü keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin yürüşə qatılan bir neçə generalı Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib, əklil qoyub.
Sonra "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında yürüş başlanıb.
Yürüşdə hərbi orkestrin müşayiəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti çiyinlərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını daşıyıblar.
İkinci yürüş paytaxtın digər hissəsində keçirilib. 28 may küçəsi, Bülbül prospekti və Neftçilər prospektindən keçməklə Azadlıq meydanına qədər davam edən yürüş sakinlər tərəfindən coşqu ilə qarşılanıb.
Bu gün bir qrup siyasi partiyaların nümayəndələri də Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə Türk şəhidliyini ziyarət ediblər. Onlar abidənin önünə gül düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Şanlı tarixin ildönümü bu gün həm də işğaldan azad olunmuş Şuşada qeyd edilib.
Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: