Cəlilabadda "Qırmızı kitab"a düşən bəzi ağaclar kəsilərək məhv edilib.
Xezerxeber.az-ın məlumatına görə, ağaclara qarşı "soyqırımı" faktı Cəlilabad meşəbəyliyinin ərazisində aşkarlanıb.
Bununla bağlı yayılan görüntülərdən də aydın olur ki, rayonun Soyuqbulaq kəndinin yaxınlığındakı meşədə ağaclar qanunsuz şəkildə kəsilib.
Kadrları "Ecofront" vətəndaş təşəbbüsünün üzvü Kənan Xəlilzadə lentə alıb. Onun sözlərinə görə, meşələrdə bəzi ağaclar isə quruması üçün bilərəkdən zədələnir.
Kənan Xəlilzadə deyib ki, məhv edilən ağaclar arasında "Qırmızı kitab"a düşən Azat, Dəmirağac, Şabalıdyarpaq palıd ağac növlərinə də rast gəlinir.
Soyuqbulaq kənd sakini Mirxas Sadıqov isə iddia edir ki, ağaclar kəsilərək müxtəlif məqsədlər üçün satılır.
Yayılan görüntülərlə bağlı Ekologiya və Təbii Sərvətlər Naziriliyindən bildirildi ki hazırda bununla bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: