Xəzər Xəbər

Toxum əkib, ot biçdilər - fermerlər saxta toxum satanlardan şikayətçidir VİDEO

Veb TV | 20:31 • 13 Sentyabr 2021
Toxum əkib, ot biçdilər - fermerlər saxta toxum satanlardan şikayətçidir

Cənub bölgəsindən olan fermerlər saxta toxum satanlardan şikayətçidir. Onlar taxıl əkib, min bir əziyyətlə ərsəyə gətirsələr də, nəticə ürəkaçan olmayıb.

Xezerxeber.az-ın məlumatına görə, işbazların yalanına inanaraq aldıqları keyfiyyətsiz toxumlar onları məhsul üzünə həsrət qoyub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov "Xəzər Xəbər"ə bildirib ki, bu il əsasən Lerik, Yardımlı və Cəlilabad rayonlarından olan fermerlər bu cür problemlə qarşılaşıblar. Təkcə bu bölgələrdə 15 min hektara yaxın sahədə fermerlər taxıl əkib, lakin demək olar ki, ot biçiblər.

Nazirlik rəsmisi deyib ki, işbazlar ölkədə toxuma tələbatın çox olduğundan xəbərdardırlar.  Elə bu səbəbdən də vəziyyətdən istifadə edərək, əksər hallarda heyvandarlıqda yem kimi istifadə olunan buğda, arpanı əla növ toxum kimi fermərlərə satırlar. Nəticə isə belə olur.

Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov isə fermerlərə şad xəbər verib. Onun sözlərinə görə, artıq fermerlər toxum alan zaman mobil telefon vasitəsilə cəmi 1 dəqiqəyə onun mənşəyini öyrənə biləcəklər.Aqrar Xidmətlər Agentliyi tərəfindən hazırlanan yeni  platforma sentyabrın 1-dən fəaliyyətdədir.

Əgər toxumun üzərində Aqrar Xidmətlər Agentliyinin barkodu yoxdursa, demək ki, keyfiyyətsizdir və onun mənşəyi məlum deyil. Fermerlər bu cür toxumları almaqdan çəkinməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti