Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Maştağa, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunuz dövriyyəsi, yəni satışı ilə məşğul olan daha 12 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, onlardan ümmilikdə 4 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, 1 ədəd “Kalaşnikov” markalı avtomat, 5 ədəd patron, eləcə də həmin silaha məxsus daraq aşkar edilib.
Belə ki, əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Ramil Əhmədov saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilib. Onun üzərində və yaşadığı Balaxanı qəsəbəsində yerləşən evindən ümumilikdə 3 kiloqram 550 qram marixuana aşkar edilib. Ramil Əhmədov ifadəsində narkotik tərkibli çətənə kollarını öz həyətində əkdiyini və qulluq etdiyini bildirib. Daha sonra həmin şəxs çətənə kollarını quradaraq satmaq və şəxsi istifadəsi üçün özündə saxlayıb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı isə Zabrat qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb. Əməliyyat zamanı Vasif İsmayılov, Cabbar Hümbətov, Hüseyn Süleymanov, İlqar Əliyev və Vidayət Bədirov tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərdən hazır satış üçün qablaşdırılan heroin, metamfetamin və marixuana aşkar edilib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı isə rayonun digər ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər – Şahlar Bədirxanov, Rövşən Fətəliyev, Fərid Mustafayev, Cəmilə Qurbanova, Rahil Abbasov və Xaqani Axundov saxlanılıblar. Onların da üzərindən külli miqdarda heroin, metamfetamin, marixuana və narkotik vasitələrin satışında istifadə etdikləri elektron tərəzilər aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar və barələrində araşdırmalar davam etdiririlir. Narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.