Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir şəxs ifşa edilib.
Xezerxeber.az-ın məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanan paytaxt sakini Oqtay Cəfərovun Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşadığı evə baxış keçirilən zaman 7 kiloqram 559 qram heroin, 2 kiloqram 205 qram psixotrop maddə olan metamfetamin, həmçinin 280 ədəd güclü təsiredici həb və 2 ədəd elektron tərəzi aşkar edilib. Araşdırmalarla müəyyən edilib ki, o, xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə sıx əlaqələr yaradaraq narkokuryerliyə cəlb edilib.
Daha sonra saxlanan şəxs narkotik vasitələri Cəlilabad rayonunda qəbul edib. Əsas məqsədi əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri hissə-hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək olub. Sonuncu əməliyyat zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 10 kiloqrama yaxın "kola" və "kakos" adlanan narkotik vasitə heroin, "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.
Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 12 nəfər saxlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil Əhmədov saxlanıb. Onun üzərində və yaşadığı Balaxanı qəsəbəsində yerləşən evindən ümumilikdə 3 kiloqram 550 qram marixuana aşkar edilib. Ramil Əhmədov ifadəsində narkotik tərkibli çətənə kollarını öz həyətində əkdiyini və qulluq etdiyini bildirib. Daha sonra həmin şəxs çətənə kollarını quradaraq satmaq və şəxsi istifadəsi üçün özündə saxlayıb.
Zabrat qəsəbəsində də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər tutulub. Vasif İsmayılov, Cabbar Hümbətov, Hüseyn Süleymanov, İlqar Əliyev və Vidayət Bədirov tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərdən hazır satış üçün qablaşdırılan heroin, metamfetamin və marixuana aşkar edilib.
Başqa bir əməliyyat zamanı isə 6 nəfər - Şahlar Bədirxanov, Rövşən Fətəliyev, Fərid Mustafayev, Cəmilə Qurbanova, Rahil Abbasov və Xaqani Axundov saxlanıb. Onların da üzərindən külli miqdarda heroin, metamfetamin, marixuana və narkotik vasitələrin satışında istifadə etdikləri elektron tərəzilər aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər. Bütün faktlarla bağlı cinayət işi başlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: