Xəzər Xəbər

İranın sözü ilə əməli üst-üstə düşmür VİDEO

Veb TV | 21:15 • 12 Sentyabr 2021
İranın sözü ilə əməli üst-üstə düşmür

İrana məxsus yük avtomobillərinin qarabağa qanunsuz daxil olması bir daha bu qonşu dövlətin əsl simasını üzə çıxarır. Sözdə Azərbaycanın yanında olduğunu, Qarabağdakı bərpa işlərində iştirak etmək istədiyini bəyan edən İranın əsl siması təxribatçı davranışları ilə üzə çıxır. Azərbaycanın verdiyi notaları ciddiyə almayan İran Qarabağa qanunsuz yük daşımaqla təxribatlarını davam etdirir. Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu cür təxribatlar davam edərsə Azərbaycan tərəfi İranla münasibətlərə yenidən baxa bilər.

Cənub qonşumuz İranın sözü ilə əməli üst-üstə düşmür. 

Cari il iyulun 11-i və avqustun 8-də İrana aid yük maşınlarının Qarabağa qanunsuz keçməsi ilə bağlı Azərbaycanın Rəsmi Tehrana nota verməsinə baxmayaraq, bu ölkə yenə də göz görə-görə təxribatlarını davam etdirir. Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, İrandan Qarabağa yüklərin daşınması Ermənistanın da maraqlarına xidmət edir. Ermənistan çalışır ki, qanunsuz yükdaşıma fəaliyyəti keçirilsin. Bununla da Azərbaycan-İran münasibətləri gərginləşsin. Təəssüflər olsun ki, İran tərəfi açıq-aydın qanunsuz hərəkətlərə yol verərək yenə də Qarabağa yüklər daşıyır. Elxan Şahinoğlu vurğulayıb ki, İranın bu addımı əsl riyakarlıqdır. 

Politoloqun fikrincə, İran rəsmiləri də qarabağa qanunsuz yükdaşımalarının həyata keçirilməsində maraqlıdırlar.Amma onlar  Azərbaycanın bu məsələdə həssaslığını mütləq nəzərə almalıdırlar. Çünki qarabağa yüklərin daşınması Qarabağda ağır durumda yaşayan ermənilərin Azərbaycana qarşı müqavimət aparmasına dəstək anlamına gəlir. Bu isə ölkəmizdə ciddi narahatlıq yaradır. Elxan Şahinoğlu vurğulayıb ki, İran bu riyakar davranışlarına aydınluq gətirməlidir.


Politoloq əlavə edib ki, Azərbaycan həmişə mehriban qonşuluq siyasəti yürüdür. Amma rəsmi Tehranın təxribatçı davranışlarından sonra İranla olan birgə layihələrə yenidən baxılmalıdır. 

Bu arada Müdafiə Nazirliyi digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz keçməsi ilə bağlı malumat yayıb. Bildirilib ki,  məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.Qeyd olunub ki, bu kimi hallar Azərbaycan və Rusiya Prezidentlərinin, eləcə də Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və nların qarşısının alınması xahiş olunub. ''Azərbaycanın razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır'' deyə məlumatda qeyd olunub.

 

 

Xəbər lenti

Çox oxunanlar