O, çox az gənc yaşına mübariz döyüşçü və qəhrəman adını sığdırdı, özündən geriyə isə müqəddəs şəhid adı və 5 medal qoyub getdi. Şəmkirin Çinarlı qəsəbəsində doğulub böyüyən Hüseyn Qəribzadə hərbi xidmətə 18 yaşında çağırışçı kimi getmişdi. Hüseyn yaşı az olmasına baxmayaraq yaşından böyük qəhrəmanlıqlarını zəfər tarixinə yazdırmağı bacardı...
Orta məktəbi bitirib universitetə qəbul olundu. Ancaq birinci kursu bitirəndən sonra təhsilini dayandırıb hərbi xidmətə yollandı, öncə Vətən borcunu ödəmək istədi. Arzusu daha sonra təhsil alıb şahin - hərbi pilot olmaq idi. Ancaq Vətən müharibəsi başlayan kimi hücuma ilk atılanlardan oldu.
Bəli, övlad itkisi çətindir, ağırdır. Ancaq bütün doğmaları Hüseynin şəhid adı, yaşından böyük ürəyi, vətənpərvərliyi və qəhrəmanlığı ilə həmişə fəxr edəcək.
Füzulinin, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə Hüseynin göstərdiyi şücatələr barədə döyüş dostlarının danışdıqları indi bütün doğmaları üçün əziz xatirə və qürur mənbəyidir.
Şəmkirin Çinarlı qəsəbəsində doğulub böyüyən Hüseyn Qəribzadənin qəhrəmanlıqları cəmi 19 yaşında düz 5 medalla mükafatlandırıldı. "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medallarının sahibi şəhid Hüseyn Qəribzadə 20 yaşını Cənnətdə qarşıladı.