Arxeoloq Əjdər Babazadə ölkəmizdə eksperimental arxeologiyanın inkişafına dəstək vermək üçün 3 milyon il bundan əvvəl istifadə olunan ibtidai əmək alətlərini hazırlayır. Əməkdaşlarımız onun emalatxanasında çəkiliş aparıblar.
Əslində ona irad tutan çoxdur. Deyirlər ki, millət kosmosa uçur sən isə milyon illər əvvələ qayıdırsan. O da cavabında: keçmişini bilməyən gələcəyini qura bilməz, deyir. Və üz tutur özünün daşlar aləminə.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə insanın istifadə etdiyi ilk əmək alətlərini araşdırır. Təkcə araşdırmaqla qalmır, həm də bu alətləri özünün kiçik emalatxanasında hazırlayır.
XəzərXəbər olaraq gənc alimin balaca emalatxanasına qonağıq:
Əjdər Babazadənin hazırladığı ibtidai əmək alətlərinin bəziləri İnstitutun Arxeoloji Fondunda qorunur. Eyni zamanda o öz işini həm də tələbələr və şagirdlər üçün təşkil olunan seminarlarda nümayiş etdirir.
Gənc alim bu emalatxanada həm də o alətləri hazırlamaq üçün lazım olan materialları da hazırlayır. Gününün əsas hissəsini daşlara həsr edir və deyir ki, ibtidai insanın zəhmətə verdiyi dəyəri bu daşlara qaytarmaq lazımdır. Lazımdır ki, tarix də bizi unutmasın.