Paytaxtın bir sıra ərazilərində qurumuş Eldar şamları utilizasiya edilir.
Qurumuş xəstə ağaclar kəsilir, bəziləri budanır və utilizasiya edilməsi üçün ərazidən kənarlaşdırılır.
Xezerxeber.az-ın məlumatına görə, Mərdəkan qəsəbəsində yol boyunca əkilmiş Eldar şamlarının əksəriyyəti sürətli yayılan göbələk xəstəliyinə tutulub. Odur ki həmin ağacların kəsilməsinə başlanıb.
Bakı Şəhər İcra hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov deyib ki, Mərdəkan ilə yanaşı , Bayılda, həmçinin digər ərazilərdə də minlərlə belə ağac var. Hamısı məhv edilərək yeniləri ilə əvəzlənəcək. Lakin bu dəfə Eldar şamı yox, fərqli növdən olan ağaclar əkiləcək.
Qeyd edək ki, həmin ağaclar ilə yan-yana olan və qismən xəstə olan ağaclar da tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilir. Yanvar ayından bu günə kimi 2 min belə ağac kəsilərək məhv edilib,10 min ağacın isə kəsilməsi planlaşdırlır. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Botanika İnstitutu, Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə xüsusi komissiya yaradılıb.
Bildirilir ki, mövcud vəziyyət bir çox ölkələrdə, o cümlədən qonşu Gürcüstanda da müşahidə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: