Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri qardaş Türkiyədə meşə yanğınları ilə mübarizəni davam etdirir.
Xezerxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 100 nəfərdən ibarət ilk yanğınsöndürmə qrupu iyulun 30-da Türkiyəyə yola düşüb. Fərdi yanğınsöndürmə vasitələri ilə təchiz olunmuş qrup Türkiyənin Dalaman bölgəsində yanğınlarla mübarizəyə qatılıb. İyulun 31-də isə yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş ölkəyə yola düşüb. Qrupa 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 1 ədəd tibbi yardım avtomobili və 220 nəfər yanğınsöndürən və xilasedici daxil idi.
Marmaris bölgəsində yanğınlarla mübarizə aparan yanğınsöndürənlərimizin fədakarlığı sayəsində bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısı alınıb. Fəthiyə istiqamətində isə helikopterin tətbiqi ilə 5-7 hektar ərazidəki yanğın söndürülüb. Digər istiqamətlərdə yanğınların söndürülməsi üçün zəruri tədbirlər davam etdirilib.
Avqustun 2-də isə Azərbaycadan olan qüvvələrin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə gedib.
Havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlərimiz yanğınlarla mətinliklə mübarizə aparırlar. Marmaris ərazisində fəaliyyət göstərən yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb. Eləcə də axşam saatlarında bir qrup təyinat məntəqəsinə doğru irəliləyərkən Dənizli bölgəsində meşədə qəfil yanğın ocaqları yaranıb və ətraf ərazilər üçün ciddi təhlükə törədib. Bu səbəbdən də qrupun hərəkət istiqaməti dəyişdirilərək operativ qaydada Denizli istiqamətinə yönəldilib. Yanğın-xilasetmə qrupumuz oradakı yanğın ocaqlarına çevik müdaxilə edib. Türkiyə və Azərbaycan yanğınsöndürənlərinin birgə səyi nəticəsində Dənizli bölgəsində baş verən yanğınlar söndürülüb.
Eyni zamanda, Marmaris ərazisində fəaliyyət göstərən yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb. Yanğınsöndürmə qüvvələri Marmaris şəhərinin Kavaklı, İlanlı və Çayhisar istiqamətində davam edən yanğın ocaqlarının söndürülməsi istiqamətində lazımi tədbirləri davam etdirirlər.
Ötən gün isə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin 3-cü qrupu Türkiyəyə yola düşüb. Səhər saatlarında "BE-200ÇS" tipli amfibiya təyyarəsi, bir müddət sonra isə 40 ədəd yanğınsöndürmə texnikası və 160 nəfər yanğınsöndürən qardaş ölkəyə yollanıb.
Türkiyənin Muğla vilayətinin Milas rayonunda meşəlik ərazidə baş vermiş yanğın genişlənərək Kəmərköy istilik elektrik stansiyasında da yanğına səbəb olmşdu. Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yerli qüvvələrlə birlikdə stansiyada baş verən yanğını söndürməyə müvəffəq olub. Bununla da yanğının yaxınlıqda yerləşən Yeniköy İstilik Elektrik Stansiyasına keçməsinin qarşısı alınıb. Qüvvələrimiz Kəmərköy və Yeniköy stansiyalarını yanğından mühafizəyə götürüb. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hazırda qardaş ölkədə yanğınlarla uğurla mübarizə aparır.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, qardaş Türkiyədə baş verən meşə yanğınları hər gün Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Yanğınların söndürülməsi prosesi ilə bağlı vəziyyət gündəlik və mütəmadi olaraq dövlət başçısına məruzə edilir. Prezident İlham Əliyev qardaş ölkəyə dəstək göstərilməsi üçün mütəmadi yeni göstəriş və tapşırıqlar verir. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi gün ərzində bir neçə dəfə Türkiyə hökumətinin üzvləri ilə əlaqə saxlayaraq vəziyyəti müzakirə edir və uyğun addımlar atılır. Bütün proseslər barədə də mütəmadi olaraq Prezident İlham Əleyevə məruzə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: