Türkiyənin Muğla vilayətinin Milas rayonunda meşəlik ərazidə baş vermiş yanğın genişlənərək Kəmərköy İstilik Elektrik Stansiyasında (İES) yanğına səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, FHN-in Türkiyədə olan yanğın-xilasetmə qüvvələri bununla əlaqədar yerli qüvvələrlə birlikdə İES-də baş verən yanğını avqustun 5-də səhər saatlarında söndürməyə müvəffəq olublar. Bununla da yanğının yaxınlıqda yerləşən Yeniköy İES-ə keçməsinin qarşısı alınıb.
Hər iki İES-in bölgənin elektrik enerjisi ilə təchizatında strateji rol oynadığı nəzərə alınaraq, Kəmərköy və Yeniköy stansiyaları Azərbaycan FHN-in qüvvələri tərəfindən yanğından mühafizəyə götürülüb. FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən nazir müavini general-leytenant Etibar Mirzəyev bununla əlaqədar stansiyaların yanğına qarşı etibarlı mühafizəsinin təşkili məqsədilə yerli məsul vəzifəli şəxslərlə görüşüb. Görüşdə bu istiqamətdə fikir mübadiləsi aparıb, atılacaq qabaqlayıcı addımlar müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-in Türkiyəyə göndərilmiş müvafiq qüvvələri hazırda qardaş ölkədə yanğınlarla uğurla mübarizə aparır.