Son günlər meşə ərazilərində yanğınların baş verməsinə səbəb insanların odla ehtiyatsızlığı və səhlənkar davranışıdır.
Xezerxeber.az-ın məlumatına görə,bu sözləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyib.
Onun sözlərinə görə, meşələrə istirahət və ya digər məqsədlər üçün gedən vətəndaşlar çox diqqətsiz davranır və nəticədə də bu cür hadisələr baş verir.
Qurum rəsmisi deyib ki, meşə ərazisində küləkli havada tonqal qalamaq olmaz. Əgər ocaq qalanarsa, ərazini tərk edən zaman tonqal tam söndürülməli, üzərinə su tökülməli və torpaqla örtülməlidir. Bundan başqa, meşəyə sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materiallar da atmaq olmaz. Hətta şüşə qab və şüşə qırıntılarını atmaq belə qadağandır. Çünki onlar günəş şüasının təsirindən yanğına səbəb ola bilər.
Elnur Babayev, hazırda Qarabağ bölgəsində tikinti-quruculuq işləri ilə məşqul olan vətəndaşlara da səslənərək, maksimum diqqətli olmağa çağırıb.
Qeyd edək ki, meşə ərazilərində hər hansı bir şübhə ilə bağlı 112 qaynar xəttinə zəng edib, məlumat verə bilərsiniz.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: