Xəzər Xəbər

Bakı metrosunda yeni qatarlar xəttə buraxılıb VİDEO

Veb TV | 19:39 • 3 Avqust 2021
Bakı metrosunda yeni qatarlar xəttə buraxılıb

Bu gün Bakı metropolitenində hər biri 5 vaqondan ibarət olan müasir tipli daha 4 yeni qatar tərkibi xəttə buraxılıb. 

Xezerxeber.az xəbər verir ki, bununla 2019-cu ilin oktyabr ayında Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin 3 il ərzində Bakı metropoliteni üçün istehsal etməli olduğu 60 vaqondan 40-ı artıq istismardadır.

Vaqonlar sifarişçinin texniki şərtlərinə uyğun olaraq istehsal edilib. 

Sərnişin rahatlığı baxımından vaqonlar kondisioner, yerli şəraitə uyğunlaşdırılmış mikroiqlim nəzarəti sistemlərinə malikdir. 

Vaqondan-vaqona birbaşa keçidlər sərnişin rahatlığı baxımından əhəmiyyətlidir. Tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırır, sərnişinlərin, eləcə də havanın salonlarda bərabər paylanmasına xidmət edir. Bu, həm də qatarın tutumunu 15 faiz artırır.

Qapıların əvvəlki vaqonlardakından daha enli olması sərnişinlərin minib-düşmə intensivliyinə də xüsusi təsir edir. Uşaq və əlil arabaları, iri yüklər üçün nəzərdə tutulmuş sahələr, ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da sərnişinlərin rahatlığını artıran yeniliklərdəndir. Bu il gətirilmiş vaqonların qapı meydançasında da ayaq üstə dayanan sərnişinlərin rahatlığı üçün tavana bərkidilmiş tutacaqlar quraşdırılıb. Eyni qayda ilə çoxfunksiyalı zonalarda da fərdi tutacaqlar qoyulub.

Baş vaqonların maşinist kabinasına yaxın hissəsində əlil arabaları üçün yerlər ayrılıb. 

Texniki göstəriciləri ilə öz sələflərindən yetərincə fərqlənən yeni vaqonların maksimal sürəti saatda 90 kilometr, mühərriklərinin gücü 170 kilovattdır. Baş vaqonun çəkisi 38 ton, orta vaqonun isə 36 tondur. 38 oturacağı olan baş vaqonun sərnişin tutumu 315 nəfər, 44 oturacaqlı orta vaqonunku isə 329 nəfərdir. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orjinal qrafikalı informasiya sistemlərindən ibarətdir.

Bakı metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatıb. Yeni gətirilmiş qatarlar, əsasən, “Həzi Asalnov-Dərnəgül” sahəsi boyunca hərəkət edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar