Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilib.
Xezerxeber.az xəbər verir ki, imtahanlar Bakı ilə yanaşı ölkənin 11 müxtəlif bölgəsində təşkil olunub.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, təkrar imtahanlar üçün ümumilikdə 4 min 91 namizəd qeydiyyatdan keçib. Bu gün keçirilən imtahanlarda 3 min 55 namizəd iştirak edib. İştirakçlılar bu dəfəki imtahanların əvvəlkindən fərqləndiyini desələr də, müəyyən çətinliklərin yaşandığını da bildirdilər.
Bu arada, Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilib.
Nurlan İsmayılbəyli qeyd edib ki, vakansiya seçimində müəllim olmaq istəyən 16 min nəfərin iştirak hüququ var. Onun sözlərinə görə, imtahanlarda 30 bal toplayan hər bir şəxs seçimə qatıla bilər.
Nurlan İsmayılbəyli əlavə edib ki, müsahibə mərhələsinin avqust ayının 2-ci yarısından sonra keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sabah isə ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün təkrar imtahanlar keçiriləcək. İmtahanlarda 1036 nəfərin iştirak edəcəyi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: