Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində işləmiş Nağı bəy Şeyxzamanlının varisləri onun arxivinin bir hissəsini Azərbaycana bağışlamaq istəyir. Şeyxzamanlının hazırda ABŞ-da yaşayan nəvəsi Nağı Keykurun bacıları ilə birlikdə qərarın rəsmiləşməsi üçün Azərbaycanın müvafiq dövlət qurumlarına müraciət etmək niyyətindədir.
ABŞ-a gətirilən ilk Azərbaycan bayrağı, ölkəmizə aid tarixi kitablar, jurnallar, əlyazmalar, səs yazılarının olduğu kasetlər, gümüş samovar və qaşıqlar, rəsm əsərləri və s. Bütün bunlar Keykurun ailəsinin evində saxlanır.
Hazırda ABŞ-da Nağı bəy Şeyxzamanlının 5 nəvəsi - Belma, Şeyma, Səlimə, Sərap və Nağı yaşayır. Hazırda hüquqşünas olaraq işləyən Belma Keykurun ailəsinin ABŞ-a köç hekayəsindən və keçməkeşli ömür yolundan danışıb.
Ən böyük arzum Azərbaycana gedib, atamın babamın doğulduğu torpaqları görməkdir deyir Şeyma Keykurun. Atası sağkən onunla daha çox söhbət edib, Azərbaycan haqqında məlumatlar almadığı üçün peşmançılığını göz yaşları ilə dilə gətirir..
Atasından və babasında miras qalan əşyaları Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə bağışlanmaq istəyən Nağı Keykurun isə prosesin qanuni şəkildə reallaşması üçün Azərbaycandakı aidiyyatı qurumlardan kömək üçün müraciət etmək istədiyini deyir.
İllərin və məsafələrin onları öz köklərdindən ayırmadığını deyən Keykurunlar ailəsi tez-tez bir araya gəldiklərini, Azərbaycan adət-ənənələri ilə yaşadıqlarını qeyd ediblər.