Rusyadan alınmış S-400 zenit-raket kompleksləri ilə bağlı NATO-dakı əsas müttəfiqə qarşı qərəzli mövqe nümayiş etdirilir.
Həmişə regionda və beynəlxalq tribunalarda haqqın tərəfini tutan, sülhün və sabitliyin carçısı kimi tanınan qardaş Türkiyəyə qarşı belə münasibətə təbii ki, Azərbaycan da səssiz qala bilməzdi.
Prezident İlham Əliyev Türkiyəyə qarşı tətbiq olunan sanksiyaları ədalətsizlik, ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirdi.
Ekspertlər bildirirlər ki, rəsmi Ankaranın sanksiyaya qarşı lazımi addımları atacağı şübhə doğurmur. Çünki Birləşmiş Ştatların dəfələrlə Türkiyəni NATO-da əsas və əvəzedilməz müttəfiq adlandırmasına rəğmən, indi xüsusi qərəzlə yanaşmağının arxasında təbii ki, müəyyən məqamlar dayanır. Axı Rusiyadan hava hücumundan müdafiə sistemi alan ilk NATO-ya üzv dövlət Türkiyə deyil.
Bu ajiotajın yaranmaması üçün rəsmi Ankara zamanında NATO-nun iştirakı ilə texniki işçi qrupunun yaradılması təklifini irəli sürdü, ancaq bu təşəbbüsə dəstək verən olmadı. Belə olan halda isə Türkiyə özünün milli təhlükəsizliyini təkbaşına həll etmək qərarına gəldi.
Digər tərəfdən isə ABŞ-ın F-35 qırıcılarını Türkiyəyə satmaqdan imtina etməsi Türkiyənin bu sahədə yeni nailiyyətlər əldə etməsinə təkan verdi. Dünyanı heyrətə gətirən "Bayraktar" dronlarının istehsalına başlandı. Türkiyə dünyaya sübut etdi ki, onun milli təhlükəsizliyi heç bir ölkədən asılı deyil. Bu gün böyük iqtisadi və hərbi potensiala malik Türkiyə "Altay" tankları, helkopterlər və ən müasir standartlara uyğun silah-sursat istehsal edir. Bütün bunlar isə müyyən gücləri narahat edir və bu gün ABŞ-ın bu ölkəyə qarşı qərəzli mövqeyi də bu narahatlıqların növbəti təzahürüdür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: