Prezident İlham Əliyevin sərəncamı ilə tələbə və şagirdlərin təqaüdləri artırılıb. Artım analıq məzuniyyətinə görə verilən təqaüdlərə də şamil ediləcək. Dövlət başçısının digər sərəncamına əsasən, ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə 20 milyon manat ayrılıb.
Tələbə və şagirdlərin təqaüdləri fevralın 1-dən 10 faiz artırılacaq. Prezident İlham Əliyevin müvafiq sərəncamı doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinə verilən təqaüdlərin artırılmasını nəzərdə tutur.
Prezident analıq məzuniyyətinə görə verilən müavinətlərin artırılması haqqında da sərəncam imzalayıb. Belə ki, fevralın birindən bir yaş yarımadək uşağa qulluğa görə aylıq 40 manat, yaş yarımdan 3 yaşadək uşağa qulluğa görə isə aylıq 25 manat müavinət veriləcək.
Növbəti sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün 20 milyon manat ayrılıb. Məbləğ 2016-cı ilin dövlət büdcəsinin artırılması məqsədi ilə Prezidentin ehtiyat fondundan ayrılması nəzərdə tutulur.
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Prezidentinin Sərəncamına əsasən bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması təmin olunacaq. Fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi də həyata keçiriləcək.
Prezidentin digər sərəncamına görə, Böyük Vətən müharibəsi iştirakçılarının prezident təqaüdünün məbləği də artırılacaq.
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, ikinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikasi Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq 110 manat müəyyən edilib.