Xəzər Xəbər

VİDEO: Prezident hökumət qarşısında yeni tələblər qoydu

Veb TV | 14:57 • 26 Yanvar 2016
VİDEO: Prezident hökumət qarşısında yeni tələblər qoydu

Yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Konfransda nitq söyləyən Prezident İlham Əliyev bildirdi ki, 2015-ci ildə dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq, ötən il Azərbaycanda bir çox məsələlər uğurla həll olunub. “Asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq bu, bizim böyük uğurumuzdur”, - deyən dövlətimizin başçısı regionda baş verən münaqişələrin və Avropadakı miqrant böhranının radikal qüvvələrin güclənməsinə səbəb olduğunu, bunun da dünya üçün böyük təhlükə yaratdığını bildirdi. “Biz bu vəziyyətdə daha fəal işləməli, ölkə qarşısında duran məsələləri həll etməliyik”, - deyən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun artdığını vurğuladı.

Prezident İlham Əliyev ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu və bununla bağlı tədbirlərin icra edildiyini də diqqətə çatdırdı.

Keçən il demokratik inkişaf istiqamətində önəmli addımların atıldığını, ölkəmizdə siyasi və iqtisadi islahatların demokratik inkişafla paralel aparıldığını vurğulayan dövlətimizin başçısı parlament seçkilərindən də danışdı, seçkilərin şəffaf, ədalətli keçirildiyini və xalqın maraqlarını əks etdirdiyini bildirdi. Ötən il ölkəmizin iqtisadi inkişafının təmin olunduğunu söyləyən Azərbaycan Prezidenti qeyri-neft sənayesinin 8,4 faiz, kənd təsərrüfatının 6,6 faiz artdığını dedi, enerji sektorunda, xüsusilə də “Cənub” qaz dəhlizinin icrası ilə bağlı mühüm addımların atıldığını diqqətə çatdırdı. “Biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çeviririk”, - deyən Prezident İlham Əliyev artıq Asiyadan Avropaya və yaxud əksinə daşınan yüklərin Azərbaycan ərazisindən keçdiyini, ötən il bütün sosial proqramların icra olunduğunu bildirdi, qarşıdakı dövrdə heç bir sosial layihənin ixtisar olunmayacağını vurğuladı.

Dövlətimizin başçısı manatın məzənnəsinin aşağı düşməsinin obyektiv səbəblərdən irəli gəldiyini bildirdi, 2016-cı ilin ciddi iqtisadi islahatlar dövrü olacağını, artıq bununla bağlı müəyyən addımların atıldığını dedi. 2004-cü ildən regionların inkişafı ilə bağlı fəaliyyətdə olan dövlət proqramını xalqımızın həyatında tarixi hadisə adlandıran Prezident İlham Əliyev dedi ki, son 12 ildə 25 elektrik stansiyası tikilib, ölkə üzrə qazlaşdırma 90 faizə yaxınlaşıb, bütün şəhərlərimiz “mavi yanacaq”la təmin olunub, 10 min kilometrdən çox yol çəkilib, xeyli sosial layihələr icra edilib, 3 min məktəb, 600-ə yaxın xəstəxana, 41 olimpiya mərkəzi tikilib, maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb, məcburi köçkünlər üçün 225 min insanın yaşadığı 89 şəhərcik salınıb. Bütün bunların da xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi irsinin uğurları sayəsində mümkün olduğunu deyən dövlətimizin başçısı liberal siyasəti ilə seçilən Azərbaycanın artıq böyük enerji və kosmik layihələri icra edən bir ölkəyə çevrildiyini bildirdi.

İqtisadiyyat naziri Şahin Mustafayev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ili çərçivəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı.

Sonra “Mətanət A” şirkətinin baş direktoru Elxan Bəşirov, Qusar Logistika Mərkəzi və Bağçılıq Təsərrüfatının baş direktoru Elnur Mənsimov, Naxçıvanda fəaliyyət göstərən “Cahan Holdinq”in direktoru Vüqar Abbasov, Zirə istixana kompleksinin rəhbəri Bəşir Quliyev, Yalama aqroparkın direktoru Azər Nəsirov, Gəncədəki “Neon” firmasının baş direktoru Arif Həsənov, Bərdədəki “Qarabağ” aqrar-sənaye kompleksinin baş direktoru Vahid Rzayev, Qəbələ aqro kompleksin direktoru Oqtay Nağıyev, Masallıdakı “Embavud” şirkətinin baş direktoru Elşad Abbasov və “Norm” şirkətinin baş kommersiya direktoru Fuad Musayev çıxış etdilər.

Konfransın yekununda Prezident İlham Əliyev ölkədə son illərdə sahibkarlığın inkişafı ilə bağlı böyük işlərin görüldüyünü dedi. Dövlətimizin başçısı sosial müdafiənin yürüdülən siyasətin əsas istiqamətlərindən biri olduğunu, regionlarda nəzərdə tutulan infrastruktur layihələrinin, xüsusilə də kənd yollarının, məktəb və xəstəxana binalarının tikintisinin, içməli su layihələrinin icrasının əhəmiyyətini vurğuladı.

Yerli istehsalın sürətləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bildirdi ki, dövlət qurumları və özəl sektor iş yerlərinin bağlandığı bölgələrdə bu məsələnin həllini diqqət mərkəzində saxlamalıdırlar. Ölkə əhalisinin artıq 9 milyon 700 min nəfərə çatdığını deyən dövlətimizin başçısı bu vəziyyətin yeni iş yerlərinin yaradılmasını tələb etdiyini diqqətə çatdırdı.

Son 12 ildə Azərbaycanda 70 mindən çox müəssisənin yaradıldığını deyən Prezident İlham Əliyev sahibkarları da yeni iş yerlərinin yaradılmasında fəal olmağa çağırdı, məşğulluq idarələrinə müraciət edənlərin işlə təmini üçün dövlət müəssisələrində yeni vakansiyaların açılması ilə bağlı tapşırıqlar verdi, özəl sektorun da bu amili nəzərə almasının vacibliyini bildirdi. Prezident İlham Əliyev dedi ki, biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı məsələlər diqqət mərkəzində saxlanmalı, vergi və gömrük orqanlarının fəaliyyəti tam şəffaf olmalıdır.

Daxili bazarın, yerli istehsalın qorunması, inhisarçılığa yol verilməməsi ilə bağlı fikirlərini bildirən dövlətimizin başçısı idxal qarşısında duran süni maneələrin aradan qaldırılması və qiymətlərin tənzimlənməsi ilə bağlı tapşırıqlarını verdi.

Prezident İlham Əliyev investisiyaların təşviqi, ixracın stimullaşdırılması, geniş özəlləşdirmə proqramının icrası, bank sektorunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsinin vacibliyini bildirdi, bu il hər bir rayonda sənaye zonalarının yaradılmasına dair tapşırıq verdi. Dövlətimizin başçısı çıxışında ölkədə istehsal edilən ərzaq və qeyri-ərzaq məhsullarında mövcud olan xarici komponentlərin azaldılması, bu məhsulları və xammalı istehsal edən müəssisələrin yaradılması istiqamətində işlərin görülməsinin vacibliyinə diqqəti cəlb etdi. Kənd təsərrüfatının inkişafının, torpaq fondunun dəqiq uçotunun aparılmasının, meliorasiya tədbirlərinin gücləndirilməsinin, heyvandarlığın, bitkiçiliyin, xüsusilə də pambıqçılığın inkişafının diqqətdə saxlanmasının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev zəruri qida məhsullarına olan tələbatın ödənilməsi, bu məhsullarda idxaldan asılılığın aşağı salınması ilə bağlı fikirlərini bölüşdü.

Qarşıda “Biz özümüzü 100 faiz taxılla təmin etməliyik” kimi öhdəlik müəyyənləşdirən Prezident İlham Əliyev turizmin inkişafı, ekoloji məsələlərin həlli, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı tədbirlərin sürətləndirilməsinin vacibliyini bildirdi, dövlət qurumlarının və məmurların yerli məhsullardan imtina etmələrinin yolverilməz olduğunu vurğuladı. “Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur, hamı qanun qarşısında cavabdehdir”, - deyən dövlətimizin başçısı vurğuladı ki, məmurlar xalqla bir yerdə olmalıdır.

Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi, müstəqillik yolunda xalqımıza uğurlar arzuladı.

Rəsmi hissədən sonra konfrans işini panel iclasları ilə davam etdirib.

Xəbər lenti