Xəzər Xəbər

VİDEO: Prezident qarşıda duran hədəfləri açıqladı

Veb TV | 21:03 • 26 Yanvar 2016
VİDEO: Prezident qarşıda duran hədəfləri açıqladı

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda iştirak edən prezident İlham Əliyev qarşıda  duran hədəfləri açıqlayıb.

2016-cı il ciddi iqtisadi islahatlar dövrü olacaq. Konfransda geniş nitq söyləyən prezident İlham Əliyev artıq müəyyən addımların atıldığını diqqətə çatdırdı. Prioritetlərdən biri yeni iş yerlərinin açılmasıdır. Dövlət başçısı bildirdi ki, ötən il 80 mindən çox daimi iş yeri açılıb, ancaq 40 min iş yeri bağlanıb. Buna görə həm dövlət qurumları, həm də özəl sektor tərəfindən daha geniş miqyasda tədbirlər görülməlidir.

Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramının icra ediləcəyini bildirən prezident bunun üçün yüksək nüfuza malik beynəlxalq məsləhətçi şirkətlərin dəstəyindən istifadə olunacağını qeyd etdi. Bölgələrə  investisiyaların təşviqi və hər bir rayonda sənaye zonalarının yaradılması ilə bağlı tapşırıq verən dövlət başçısı yerli icra orqanları qarşısında konkret tələblər qoydu.

Daxili bazarın, yerli istehsalın qorunması, inhisarçılığa yol verilməməsi ilə bağlı fikirlərini bildirən dövlət başçısı idxal qarşısında duran süni maneələrin aradan qaldırılması və qiymətlərin tənzimlənməsi ilə bağlı tapşırıqlarını verdi. Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı tədbirlərin sürətləndirilməsinin vacibliyini bildirdi, dövlət qurumlarının və məmurların yerli məhsullardan imtina etmələrinin yolverilməz olduğunu vurğuladı.

Prezident ərzaq və qeyri-ərzaq məhsulları üzrə daxili təminat və istehsalın maya dəyərində idxaldan asılılıq səviyyəsinə dair statistik məlumatları da sahibkarların diqqətinə çatdıraraq bu sahədə boşluqların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi.

Xəbər lenti

Çox oxunanlar