Azərbaycanda falçılıq, baxıcılıq və ekstrasenslik kimi psixoloji xidmətlər qanunla tənzimlənəcək, lazım gəlsə qadağan ediləcək. Hətta psixoloqlara da dövlət nəzarəti həyata keçiriləcək. Ancaq hazırda üzərində iş gedən "Psixoloji yardım haqqında" qanun layihəsi qəbul olunsa.
Hazırda psixoloq yetişdirən təhsil müəssisələri olsa da, psixoloq işləyənlərə nəzarətedici qurum yoxdur. Hətta bəzi təhsil müəssisələrində psixoloq əvəzinə digər ixtisaslı müəllimlər fəaliyyət göstərir. Bu da bir çox hallarda çatışmazlıqlara, problemlərə və pərakəndəliyə gətirib çıxarır.
Millət vəkili hesab edir ki, hətta psixoloq ixtisasına yiyələnmiş şəxsin belə bilikləri mütəmadi olaraq yoxlanılmalıdır.
Yaz sesiyasında müzakirəyə çıxarılacaq qanun layihəsində bütün bu məsələlər nəzərə alınıb. Qanun qəbul olunsa, psixoloq kimi işləyənlər sertifikasiyadan keçməli, psixoloji mərkəzlər xüsusi lisenziya almalı olacaqlar. Hətta xarici universitetlərdə psixologiya təhsili almış şəxslər də bu sertifikatlaşdırmaya cəlb olunacaq.
Hazırlanan qanun layihəsində kliniki psixoloji xidmətin icbari tibbi sığortaya daxil edilməsi də nəzərdə tutulur.