Kombi ustalarının səriştəsizliyinin əziyyətini vətəndaşlar çəkirlər. Kombinin aidiyyəti üzrə quraşdırılmaması sonradan problemə yol açır.
Su qızdırıcısının zirzəmidə quraşdırılması vətəndaşa baha başa gəlib.
O, illər əvvəl zirzəmidə quraşdırılan kombi istilik sisteminin qanunauyğun olmadığını öyrənib.
Kombi ustalarının bu barədə onlara heç nə demədiyini bildirən şəxs, indi əlavə xərc çəkməlidir.
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən ötən il 256 mindən artıq evə baxış keçirilib. Yüzlərlə yaşayış binasının birinci mərtəbəsində kombi istilik sisteminin zirzəmidə quraşdırıldığı aşkarlanıb. Qaz təsərrüfatı haqqında qanuna görə yaşayış binalarında qazla işləyən su qızdırıcıları eyvanlardan başqa yerdə quraşdırıla bilməz.
Amma görünən odur ki, kombi ustalarının nə qanundan nə də standartlardan xəbərləri yoxdur.
Bu qadağan olsa belə onlar kombi quraşdırarkən ev sahibinin təklifini də dəyərləndirirlər.
3-4 otaqlı bir evdə kombinin quraşdırılması bütün xərcləri ilə 1500-2000 arasında dəyişir. Yerinin dəyişdirilməsi isə zəmanət yoxdursa vətəndaşın öz hesabına başa gəlir.