"Magistraturadan elmə gələnlərin sayı dövlət qulluğuna gedənlərin sayından 3 dəfə azdır. Bu səbəbdən gənc kadrların elmə cəlb edilməsi üçün magistr pilləsi 2 dərəcəyə bölünəcək".
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitə iclasında deyib. İclasda "Elm haqqında" qanuna bir sıra dəyişiklik təklifləri səsləndirilib.
Beynəlxalq təcrübədə olduğu kimi, Azərbaycanda da magistr pilləsi 2 şəkildə olacaq. Öz ixtisası üzrə peşakar olmaq istəyənlər ixtisas magistrını, elmi fəaliyyətlə məşğul olmaq istəyənlər tədqiqat magistraturasını seçəcəklər. Dəyişiklik təklifi Milli Məclisin Elm və təhsil komitəsinin iclasında ikinci oxunuşda müzakirə olunub.
Magistrların təhsil müddətinə qoyulan limit də ləğv olunur. Bu ixtisas magistr üçün ayrılan 2 il, tədqiqat magistr üçün ayrılan 1 il müddətinə şamildir. Bu prosedur Təhsil Nazirliynin Əsasnaməsi və Nizamnaməsinə uyğun olaraq təyin olunacaq.
Komitə sədri bildirib ki, Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyü də elmi rütbə sayılacaq. Qanunda inidiyədək elmi rütbə anlayışı olmadığından əlavə bənd salınıb. Komitə sədri qrantlar hesabına ölkəyə gətirilən elmi avadanlıqlara vergi güzəşti edilməsini də təklif edir.
Müzakirə olunan təkliflər milli məclisin yaz sessisiyasının plenar iclasına tövsiyyə olunub.