Xəzər Xəbər

VİDEO: Hansı məhsulların xammalı xaricdən alınır?

Veb TV | 21:00 • 27 Yanvar 2016
VİDEO: Hansı məhsulların xammalı xaricdən alınır?

Ötən gün regionlarin sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunmuş konfransda prezident İlham Əliyev ərzaq və qeyri-qida məhsulları üzrə  daxili təminat səviyyəsi ilə bağli statistik məlumatları diqqətə çatdırdı. Bəzi məhsullarla özümüzü tam təmin etsək də, həmin malların xammalı xaricdən gətirilir. Bu da maya dəyərinin artmasına səbəb olub.

Azərbaycan özünü mal əti ilə 92 faiz, qoyun əti ilə 99 faiz təmin edir. Burada maya dəyərində idxaldan asılılıq 2-5 faizdir. Süd və süd məhsulları isə daxili təminat 80 faiz, xarici amildən asılılıq10 faizə bərabərdir. Quş əti isə özümüzü 98  faiz təmin etsək də, bu sahədə maya dəyərində idxaldan asılılıq 65 faizdir. Səbəb quş yemi üçün zəruri olan qarğıdalı, soya, günəbaxanın xaricdən idxal edilməsidir. Buna görə yumurtanın da maya dəyəri artır. Məsələnin həlli üçün Kənd Təsərrüfat Nazirliyi fermerlərlə danışıqlara başlayıb.

Taxılla özümüzü cəmi 64 faiz səviyyəsində təmin edirik. İdxaldan asılılıq 20 faizdir. Kartofla daxili təminat 90 faiz, meyvə və giləmeyvə ilə 110 faiz olsa da, maya dəyərində  xarici amildən 30-35 faiz asılılıq var. Səbəb bütün bitkiçilik məhsulları üçün gübrə və dərmanların başqa ölkələrdən alınmasıdır.

Şəkər və şəkərdən hazırlanan məhsullarla  özümüzü 191 faiz təmin etsək də,  xam məhsul, yəni şəkər çuğundurunun 80 faizi xaricdən alınır. Bu məsələnin həlli üçün fermerlərə şəkərlilik miqdarı yüksək olan sortların əkini tövsiyyə olunub.

Duzla daxili təminat 87 faiz, Bitki yağları və marqarinlə  67 faizdir. Xam yağ və qablaşdırma idxal hesabına təmin olunduğunda  asılılıq 80 faiz təşkil edir.  Kərə yağı ilə  özümüzü  60 faiz təmin etsək də, maya dəyərində idxaldan asılılıq 10 faizdir. Makaron istehsalımız daxili tələbatı  52 faiz ödəyir. Ancaq istehsalın 95 faizi xaricdən gələn xammal hesabına təmin edilir. Bunun üçün bərk buğdanın əkinin genişləndirilməsi nəzərdə tutulur.

Qeyri-qida məhsullarına gəldikdə isə, kərpiclə özümüzü  99 faiz, sementlə 92 faiz, əhənglə 50 faiz təmin edirik. Bu məhsulların xammalı üzrə idxaldan asılılıq 2-13 faiz arasındadır. Ancaq  daxili tələbatı 60 faiz ödəyən kartonun istehsalı üçün materalın 50 faizi idxal olunur.

Polietilen borularla daxili təminat 60 faiz olsa da, istehsalın tərkibində 70 faiz xarici komponent var. Gipslə təminat 100 faizi ötsə də xammalın 50 faizi xaricdən alınır.  Alçipanla  özümüzü 95 faiz təmin edirik, maya dəyərinin 48 faizi xaricdən asılıdır.

Xəbər lenti

Çox oxunanlar