Xəzər Xəbər

Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi VİDEO

Veb TV | 21:45 • 27 Oktyabr 2020
Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi

Ermənistanın çoxlu sayda məhv edilən və hərbi qənimət kimi götürülən texnikalarının dəyəri 2,7 milyard dolları keçib. Bunu jurnalistlərə açıqlamasında İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. O bildirib ki, düşmən ölkəyə bu texnikaları bərpa etmək üçün 25 il vaxt lazımdır. Azərbaycan isə bunun əksinə olaraq, torpaqlarını işğaldan azad etdikcə, bəzi ehtiyatları ölkə iqtisadiyyatının dövriyyəsinə cəlb edəcək və daha çox pul qazanacaq.


Müharibə başlayandan bu günə qədər Ermənistanın hərbi itkiləri 2,7 milyard dollardan çoxdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı dedi ki, bu müddət ərzində məhv edilən hərbi texnikanın içərisində Ermənistanın satın almağa iqtisadi imkanının olmadığı və dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemlərindən, satışı qadağan olunan ballistik "Elbrus" raket sistemlərinə qədər çoxnövlü silah arsenalına da rast gəlinir.


Qurum rəsmisi onu da qeyd etdi ki, cəmi 2,6 milyard dollar həcmində rezerv aktivləri olan Ermənistanın iqtisadi gücü bu silahları əldə etmək baxımından xeyli məhduddur. Digər tərəfdən, bir aylıq müharibədə itirdiyi hərbi texnikanın miqdarı Ermənistanın silahlanmanı məhdudlaşdıran "Avropada Adi Silahlı Qüvvələr üzrə Saziş"in şərtlərini də pozduğunu və bu müqavilənin şərtlərinə uyğun olmayan həddə silah və hərbi texnika saxladığını ortaya çıxarıb.


Üstəlik, Ermənistana itirdiyi hərbi texnika və sursatı bərpa etməyə təxminən 25 il vaxt lazımdır. Bunun əksinə, Azərbaycanın iqtisadi potensialı isə daha da artacaq. Vüsal Qasımlı bildirdi ki, Azərbaycan torpaqları işğaldan azad olunduqca, irihəcmli torpaq, su, meşə resursları və filiz ehtiyatları ölkə iqtisadiyyatının dövriyyəsinə cəlb olunacaq.


İlkin hesablamalara görə, işğal olunan ərazilərdə təsdiq olunan qızıl ehtiyatları 132,4 tondur və bu, indiki qiymətlərlə 8 milyard dollara bərabərdir. Vüsal Qasımlı həmçinin vurğuladı ki, Ermənistanın milli valyutası olan dramın devalvasiyası qaçılmazdır. Çünki Ermənistanın iqtisadiyyatı istehlaka əsaslannır və təhlillər onu göstərir ki, Ermənistanı ayaqda saxlayan, bu ölkəyə kənardan gələn yardım, qrant, ianə və digər vəsaitlərdir.


Xəbər lenti