"Biz tariximizin biabırçı və dağıdıcı səhifəsini yaşayırıq. Yalnız Qarabağ deyil, həmçinin Ermənistan, ermənilərin gələcəyi də təhlükə altındadır". Bu sözləri Ermənistanın sabiq baş naziri Vazgen Manukyan deyib. O, Ermənistan hakimiyyətini istefaya çağırıb.
Ermənistan cəmiyyətində baş nazir Nikol Paşinyana qarşı narazılıqlar gündən-günə artmaqdadır. İndi onun istefası daha mütəşəkkil formada tələb edilir. Ölkənin sabiq baş naziri, daha sonra müdafiə naziri olmuş, hazırda isə Milli Demokratik Birlik partiyasına sədrlik edən Vazgen Manukyan Paşinyanın istefasını tələb edən müraciət ünvanlayıb. O, etiraf edib ki, bu gün Ermənistan tarixin biabırçı və dağıdıcı səhifəsini yaşayır. Ekspertlər isə düşünür ki, bu normal haldır.
Elə sabiq baş nazir də ortaq müdafiə komitəsinin yaradılmasını təklif edir. Amma mövcud hökumətin dövründə yox. Onun fikrincə, bu hökumət istefaya getməli, bütün hakimiyyəti orduya təhvil verməlidir. "Bunu dağıdıcı zərbələr olmadan könüllü şəkildə etməlidirlər. Yeganə xilas yolu budur. Əks təqdirdə hər şeyi itirə bilərik",- deyə sabiq baş nazir öz müraciətində bildirib.
Yəqin ki, bu gedişlə baş nazir Paşinyan istefa çağırışlarını hələ çox eşidəcək. Ermənistandakı mövcud vəziyyət məhz bundan xəbər verir.