Xəzər Xəbər

Ermənistan atəşkəsi pozur - beynəlxalq vasitəçilərə etibar tükənir VİDEO

Veb TV | 20:20 • 26 Oktyabr 2020
Ermənistan atəşkəsi pozur - beynəlxalq vasitəçilərə etibar tükənir

ATƏT-in Minsk qrupunun həmsədrlərinın Ermənistanla Azərbaycan arasında yeni humanitar atəşkəsin elan olunmasıyla bağlı yaydıqları bəyanat əslində bu ölkəni xilas etmək məqsədi daşıyır. Millət vəkili Hikmət Babaoğlu deyir ki, Ermənistan hər dəfə humanitar atəşkəsdən istifadə edərək əldən verdiyi mövqeləri yenidən ələ keçirməyə cəhd edir. Belə olan halda isə Azərbaycan düşmənə adekvat cavab vermək hüququnu özündə saxlayır.


"ATƏT-in Minsk Qrupu həmsədrlərinin 25 oktyabr tarixli bəyanatı, əslində, humanitar atəşkəsdən daha çox, işğalçı Ermənistanı xilas etməyə yönəlib". Bunu "Xəzər Xəbər"ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, həmsədrlərin tələsik verdiyi bəyanatdan da görünür ki, işğal edilmiş torpaqlarını bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Bu təzyiqlərin birinin məhz BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı şahidi olduq. Həmin məsləhətləşmələrdə hazırlanan bəyanat layihəsinə BMT Təhlükəsizlik Şurasınnın 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə istinad olunmamışdı. Üstəlik, bir sıra ölkələrin həmin qətnamələrlə bağlı təkidli mövqeyi də qəbul edilmədi.


Millət vəkili deyir ki, bəyanatdakı atəşkəsin monitorinqi üzrə parametrlər bəndində yer alan "timeline" ifadəsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəlini nəzərdə tutur. 27 sentyabrdan indiyə qədər isə Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla, 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Ancaq Ermənistan tərəfi hər dəfə humanitar atəşkəsi pozmaqla əsas məqsədlərinin itirilmiş mövqeləri yenidən işğal etmək olduğunu ortaya qoydu.


Hikmət Babaoğlu deyir ki, humanitar atəşkəs nəinki sülh, heç atəşkəs anlamına da gəlmir. Atəşkəs və ya sülh o zaman mümkündür ki, beynəlxalq ədalət və dövlətlərin suveren hüquqları təmin olunsun.


Digər tərəfdən isə, Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Yəni bu şəraitdə Ermənistan bu humanitar atəşkəsə də riayət etməyəcək. Belə olan təqdirdə isə Azərbaycanın öz qəti və suveren mövqeyini nümayiş etdirməkdən başqa yolu qalmır.

 

Xəbər lenti